"Azərbaycan dini bayramlarda bütün xristianlara öz təbrikini çatdırır. O xristianların bir hissəsi də ermənilərdir".
Bunu "Yeni Sabah"a Milli əclis üzvlərindən biri deyib.
Rəyi öyrənilən 3 deputat Ermənistanın baş nazirinin Azərbaycanı Qurban bayramı münasibətilə təbrik etməsinə münasibət bildirib.
Xatırladaq ki, Nikol Paşinyan “X” hesabında yazıb: “Azərbaycan Respublikası və xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzu edirəm”.
Hikmət Babaoğlu: "Hər şeydən öncə, bayramlar səmimiyyət və sülh hadisəsidir. Çünki milli, yaxud dini bayram olub-olmamasından asılı olmayaq, bütün hallarda bayram günlərində insanlar xoş əhval-ruhiyyədə olur. Ona görə də, bayramın fəlsəfəsi sülhdür. Amma 5 il müddətində sülhə, regionda sabitliyə, barışa qarşı çıxan və Ermənistanı hər ötən gün daha çox silahlandıran bir siyasi liderdən söhbət gedirsə, onun Azərbaycan xalqını təbriki Qurban bayramının sülh fəlsəfəsinə, nə də iki ölkə arasında əməkdaşlığın yaradılması çağırışlarına uyğun gəlir.
Əgər bir tərəfdən hələ də Azərbaycana qarşı davam edən mina müharibəsində Azərbaycanın istədiyi xəritələr verilmirsə, onda hansı bayram təbrikindən danışmaq olar?! Əgər bu gün qərbi Azərbaycandan etnik təmizləməyə məruz qalmış 300 mindən çox azərbaycanlı heç olmasa bayram günlərində öz doğma yurd-yuvalarını ziyarət edə bilmirsə, Paşinyanın bayram təbrikindəki səmimiyyətə inanmaq çox çətindir.
İnsanlar sözləri deyil, əməlləri qiymətləndirirlər. Azərbaycan tərəfi isə bütün məsələlərdə səmimi və açıq olub. Buna görə də, Azərbaycan gələcəkdə hansı addımı atmalı olacaqsa, real və səmimi münasibətlər kontekstində olacaq. Hazırda isə azərbaycanlılara qarşı etnik nifrətlə formalaşmış, islamafob dünyagörüşünə malik və Azərbaycana qarşı yeni qisasçılıq müharibəsi ilə yaşayan bir cəmiyyətə hər hansı bir təbrikin göndərilməsi əsla uyğun olmaz".
Elçin Mirzəbəyli: "Nikol Paşinyanın təbrikində qeyri-adi hər hansı bir yanaşma görmürəm. Digər tərəfdən, əgər etimadlı münasibətlərin formalaşmasına ehtiyac varsa və bu kimi addımlar etimadlı münasibətlərin formalaşması üçün zəruridirsə, o zaman etimadın Ermənistan tərəfindən yaradılmasına ehtiyac var.
Bəlli olduğu kimi, Ermənistan uzun illər boyu Azərbaycan torpaqlarını işğal altında saxlayıb və azərbaycanlılara qarşı soyqırım həyata keçirib. Hələ də Ermənistandan zorla çıxarılan azərbaycanlıların öz yurdlarına qayıtması ilə bağlı hər hansı addım atılmayıb. Azərbaycana qarşı ərazi iddiaları hələ də Ermənistanın konstitusiyasında və digər hüquqi normativ aktlarında qalmaqdadır. Belə olduğu təqdirdə, şübhəsiz ki, 1 təbriklə etimadı formalaşdırmaq mümkün deyil.
Mən belə məsələlərə ifrat dərəcədə yumşaq yanaşılmasının tərəfdarı deyiləm. Azərbaycan tərəfindən belə bir addımın atılmasına gəlincə, düşünürəm ki, bütün hallarda bu kimi addımlar Ermənistan tərəfindən atılmalıdır. Azərbaycan ərazilərində törədilən cinayətlər barədə Ermənistanın konkret mövqeyi açıqlandıqdan sonra və Ermənistan Azərbaycan xalqından üzr istədikdən sonra ola bilsin ki, hansısa mərhələdə münasibətlər hətta bayramlaşma səviyyəsinə də gəlib çıxsın. Amma bunun bizim tarixi yaddaşımızı unutduracağını düşünmürəm.
Bir qayda olaraq, Azərbaycan dini bayramlarda bütün xristianlara öz təbrikini çatdırır. O xristianların bir hissəsi də ermənilərdir. Amma xüsusi olaraq, indiki şəraitdə Ermənistana ünvanlanmış hansısa təbrikin səsləndirilməsinin tərəfdarı deyiləm".
Ceyhun Məmmədov: "Bunu böyük bir hadisə kimi təqdim etməyi əsas görmürəm. Sosial mediada hamının bunu bəh-bəhlə paylaşması açığı mənim o qədər də çox xoşuma gəlmədi. Elə bil qeyri-adi bir hadisə yoxdur. Düşünürəm ki, cəmiyyətin də bunu bəh-bəhlə təqdim etməsinə ehtiyac yoxdur. Mən bunu Ermənistan baş nazirinin növbəti məkrli addımı kimi qiymətləndirilirəm.
Ermənistan hər zaman olduğu kimi, bütün dünyaya göstərməyə çalışır ki, guya biz sülh istəyirik və sülh istəməyən Azərbaycandır. Biz burada daha çox Paşinyanın məkrli niyyətini axtarmalıyıq. Onun məqsədi növbəti dəfə Azərbaycanı hədəfə gətirmək və Ermənistanın guya sülh istədiyini dünyaya göstərməkdir. Xalqlar arasında münasibətlər normallaşmalıdır. Bu normallaşma üçün də biz addımlar atmalıyıq. Amma bunu qeyri-adi hadisə kimi təqdim etməməliyik.
Azərbaycan da bayramlarda onları təbrik edə bilər. Bu da diplomatiyadır. Sual olunmalıdır ki, Paşinyan bunu niyə "Qarabağ Ermənistandır" deyəndə etmirdi? İnsanlarımız bunu da nəzərə almalıdır. Bu gün Ermənistan məcburdur ki, Azərbaycanla hesablaşsın. Ermənistan hələ illərlə bizə qarşı düşmənçiliyə davam edəcək, bunu nəzərə almalı və sadəlövh olmamalıyıq".