Yay fəslinin gəlişi ilə bölgələrdə turizm sektorunun canlanmasına səbəb olub. Bu canlanma əsasən müəyyən bölgələrdə daha çox özünü göstərir. Bu il istirahət edənlərin əksəriyyəti yerli turistlər olsa da, xarici vətəndaşlar da üstünlük təşkil edir. Lakin turizm zonalarında qiymətlər bayramlarda daha da artır.
Belə ki, hazırda ölkədə Qurban bayramı qeyd olunur və insanlar dincəlmək, istirahət etmək üçün bölgələrə üz tutur. Lakin bəzi sahibkarlar fürsətdən istifadə edib qiymətləri öz istədikləri kimi müəyyən edirlər.
Bəs bu durum vətəndaşı nə dərəcədə qane edir? Ümumiyyətlə, ölkədəki istirahət mərkəzlərinin qiyməti vətəndaşın aylıq qazancına uyğundur? Turkustan.az olaraq mövzu ilə bağlı suallarımızı iqtisadçı ekspert Günay Hüseynovaya ünvanladıq.
Günay Hüseynova
Bayram günlərində qiymət artımı müşahidə edilir. Xüsusilə də xidmət sektoru və turizm sahəsində bunu görmək mümkündür. Əsasən bölgələrdə, otellərdə, istirahət mərkəzlərində bu artım daha çoxdur. Əslində regiondakı qiymət artımı sırf bayrama görə deyil, yay fəslinin gəlməsi ilə əlaqədardır. Bayramda vətəndaşlara ikiqat, şişirdilmiş qiymətlər təklif edilir. Ancaq bu vəziyyətə baxmayaraq, tələbat o qədər çoxdur ki, vətəndaşlar bəzən uyğun yerlər tapa bilmirlər və yaxud da aylar öncə rezerv edirlər. Amma qiymət artımının əsas səbəbkarları elə vətəndaşlar özləridir. Əvvəllər insanlar bayramlarda bir-birilərinə gedib-gəlirdilər, bayramlaşırdılar. İndi vətəndaşların əksəriyyəti bölgələrdə istirahət zonalarına üz tuturlar və yaxud da ölkə xaricinə çıxırlar.
Paytaxt Bakıda da qiymət artımı nəzərə çarpır. Buna səbəb isə rayonlara gedə bilməyən insanların Bakıda istirahət etmək istəyi və yaxud da bölgələrdən Bakıya axındır.
Son zamanlar sosial şəbəkələrə görə, insanlar sanki-bir-birilərinin bəhsinə istirahət zonalarına üz tuturlar. Bu da süni qiymət artımına səbəb olan amillərdəndir. Təbii ki, bu artımlar vətəndaşın cibinə uyğun deyil. Aylıq 400 manat əmək haqqı ilə çalışan vətəndaşın 1 günlük əmək haqqısı (400:30)= 13,33 AZN edir. 13 manata harda istirahət var? 1 gün üçün bir nəfərin istirahət xərci 100 manatdan da çoxdur.
Xarici ölkələrdə müəyyən sistemlər var. Həmin sistemlər vasitəsi ilə vətəndaşlar aylar öncədən istirahət etmək istədikləri ünvanları seçib, rezerv edirlər. Bizdə isə ümumiyyətlə belə bir sistem yoxdur. Bizdə ancaq vətəndaşlara tur paketləri təqdim edilir ki, bu da çox zaman onlara sərf etmir.
Aytən Yaşar/ Turkustan.az