Hərbi resursların bütün sahələrində aşkar üstünlüyə baxmayaraq, Rusiya hələ də Ukraynanı tammiqyaslı müharibədə məğlub edə bilməyib. Bunun əsas səbəblərindən biri – ukraynalıların heyranedici adaptasiya qabiliyyətidir: onlar Rusiya tərəfinin hər bir “dəmir dəyənəyi”nə qarşı ağıllı bir həll tapmağı bacarırlar.
Turkustan.az xəbər verir ki, bunu “Foreign Policy” nəşrinin siyasi eksperti Kristian Keril bildirib.
O qeyd edir ki, 2022-ci ilin payızında Rusiya “Şahid” kamikadze dronları ilə müntəzəm hücum kampaniyasına başlayıb. Ukrayna Silahlı Qüvvələrinin bu dronları adi üsullarla aşkarlamaq çətinliyi yaranıb: dronlar çox alçaqdan uçar, relyeflər arasında gizlənərdi ki, radarlar onları görə bilməzdi.
“İki ukraynalı mühəndis bu problemin həllini tezliklə tapdı. Bu gün ölkə boyunca 2 metrlik dirəklərə quraşdırılmış 9500 mikrofonlu şəbəkə mövcuddur. Mobil telefonlara qoşulmuş bu mikrofonlar “Şahid”ləri səsə görə izləyir və məlumatları mərkəzi sistemə ötürür”, – deyə Keril vurğulayıb.
Onun sözlərinə görə, belə bir mikrofonlu dirəyin hər biri 500 dollardan az başa gəlir. Bu da “Səma qalası” kimi tanınan bütün şəbəkəni cəmi bir neçə “Patriot” raketindən daha ucuz edir:
“Ukraynalıların özlərindən dəfələrlə güclü olan təcavüzkarlara qarşı ucuz, lakin effektiv, asimmetrik həllər tapmaq bacarığı “Hörümçək toru” əməliyyatının uğuruna artıq o qədər də təəccüblənməməyin səbəbini izah edir”./axar.az