Qaçırılmış maşınları bu yolla tapmaq mümkündür


Son dövrlərdə avtomobil icarəsi sahəsində narahatedici bir tendensiya müşahidə olunur. Bəzi şəxslər maşınları rəsmi şəkildə icarəyə götürüb, daha sonra nəqliyyat vasitəsini qaytarmadan yoxa çıxırlar. Bu isə avtomobil icarəyə verən şirkətlərdə müştərilərə inamı azaldır, eyni zamanda təşvişə səbəb olur.

İcarə məsələsi ilə bağlı hansı problemlər var? Maşını icarəyə götürüb qaytarmayan adamlara qarşı hansı hüquqi tədbirlər həyata keçirilə bilər? Belə halların qarşısını almaq üçün nə kimi addımlar atılmalıdır?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, son illər ərzində “Rent a Car” avtomobil kirayəsi və ya avtomobil icarəsi sahəsi yaxşı inkişaf edib.

Onun sözlərinə görə, Azərbaycanda həmçinin beynəlxalq “Rent a Car” şirkətləri də fəaliyyət göstərir:

“Beynəlxalq şirkətlər bizim ölkədə çox uğurla fəaliyyət göstərirlər. Belə ki, həm təklif etdiyi avtomobillər daha yeni olur, həm də onların beynəlxalq çıxışı var. Adətən xaricdən gələn turistlər ölkəmizə gələnə qədər artıq avtomobilləri kirayə edirlər. “Rent a Car”ın əsas problemləri adətən sığorta şirkətləri ilə olur. Yəni müştəri avtomobili idarə edən zaman qəza baş verəndə yaranan müəyyən nasazlıqların aradan qaldırılması ilə əlaqədar. Bəzən müştəri hadisə barədə dərhal yox, bir neçə gün sonra xəbər verir və bu zaman sığorta şirkəti “Rent a Car”a iradını bildirir ki, bu xəbər əvvəldən deyilməli idi və sair. Lakin müştərilərlə də problem yaşayırlar”.

426811821 0 0 1280 720 1400x0 80 0 0 d0fa8165bba660288c1640a612cb5d79
Eldəniz Cəfərov

Ekspert deyib ki, avtomobil şirkətləri daxili qaydalar tərtib edə bilərlər:

“Azərbaycan qanunvericiliyi ilə yanaşı, “Rent a Car” şirkətləri daxili nizam-intizam qaydaları tətbiq edə bilərlər ki, özlərini belə risklərdən sığortalaya bilsinlər. Avtomobili icarəyə götürüb qaytarmayan şəxslərə qarşı müvafiq qaydada qanunvericiliyə uyğun tədbirlər görülə bilər. Bu gün “Rent a Car” şirkətlərinin müştəri ilə aralarında xüsusi müqavilələri olur. Əgər müştəri avtomobili qaytarmırsa, bu zaman kirayəçi şirkət rəhbərlərinin müvafiq qurumlara müraciət etmək imkanları olur”.

Vəkil Asim Abbasovun fikrincə, bu günlərdə avtomobil icarəsi sahəsində yaranan bəzi neqativ hallar, xüsusilə icarəyə götürülən nəqliyyat vasitələrinin qaytarılmaması həm icarə verənlər, həm də ümumilikdə sektor üçün ciddi problemlər yaradır:

“İcarə məsələsi ilə bağlı əsas problemlər şəxsi məlumatların qeyri-dəqiq yoxlanılması, bir çox hallarda avtomobili icarəyə götürən şəxsin şəxsiyyəti və maddi etibarlılığının kifayət qədər araşdırılmaması, rəsmi müqavilələrin olmaması və ya natamam tərtib edilməsi, bəzi icarə firmaları və ya fərdi şəxslər tərəfindən avtomobilin sadəcə şifahi razılaşma və ya zəif hüquqi sənədlərlə icarəyə verilməsi, həmçinin avtomobillərdə GPS və izləmə sistemlərinin mövcud olmamasıdır. Nəqliyyat vasitəsini icarəyə götürüb qaytarmayan şəxslərin mülki və cinayət məsuliyyəti var. Mülki hüquq çərçivəsində qanunvericiliyin tələblərinə və icarə müqaviləsinin şərtlərinə əsasən məhkəməyə müraciət edilə bilər. Belə ki, icarəyə verən icarəyə götürən tərəfindən müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlı məhkəməyə müraciət, həmçinin öhdəliyinin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər”.

fbd8c718 7262 43aa 9663 12a23e85e5ad
Asim Abbasov

Vəkil deyib ki, cinayət hüququ çərçivəsində nəqliyyat vasitəsini icarəyə götürüb onu qaytarmayan şəxsin əməlində həm dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi), həm də mənimsəmə və israfetmə (CM-nin 179-cu maddəsi) cinayətinin tərkib əlamətləri ola bilər:

“Belə ki, əvvəlcədən şəxsin niyyəti nəqliyyat vasitəsini ələ keçirməkdirsə və bu niyyətlə də gedib icarə müqaviləsi bağlayaraq onu ələ keçirir, qaytarmırsa bu zaman onun əməlində dələduzluq cinayətinin tərkibi var. Əgər şəxsin nəqliyyat vasitəsini qaytarmamaq niyyəti əvvəlcədən yox, nəqliyyat vasitəsini icarəyə götürdükdən sonra yaranırsa və onu geri qaytarmırsa, bu zaman onun əməlində mənimsəmə cinayətinin tərkibi var. Mənimsəmə və ya israfetmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır. Bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Həmçinin əgər şəxs icarəyə götürüb qaytarmadığı əmlaka zərər vurursa, onu yararsız hala salırsa, bu zaman əmlakı qəsdən məhv etmə və ya zədələmə (CM-nin 186-cı maddəsi) cinayətinin tərkib əlaməti yaranır”.

Asim Abbasov qeyd edib ki, bu kimi halların qarşısını almaq üçün tövsiyə olunan tədbirlər aşağıdakılardır:

“- Rəsmi və notarial qaydada bağlanmış icarə müqaviləsi (Notariatın imkanlarından istifadə edilməsi bütün mülki-hüquq münasibətləri iştirakçıları, o cümlədən icarədar və icarəçilər üçün səmərəli və təminatlı bir vasitədir).
– Müqavilədə nəqliyyat vasitəsinin qaytarılma vaxtı, istifadə qaydaları, cərimə və hüquqi məsuliyyət açıq şəkildə qeyd olunmalıdır.
– İcarəyə verən tərəf icarəyə götürən tərəfin şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ünvan və kredit tarixçəsi kimi məlumatları diqqətlə yoxlamalıdır.
– Zəmanət və ya depozit alınması. (Bu, həm maliyyə riskini azaldır, həm də şəxsi məsuliyyətə təşviq edir).
– Avtomobilə GPS izləmə sistemi quraşdırmaq. (Lazım gəldikdə avtomobilin yeri dərhal müəyyən edilə bilər).
– Qara siyahıların yaradılması və paylaşılması. (Problemli müştərilərin adı digər icarə firmaları ilə paylaşılmalıdır).
– Sığorta müqavilələri. (Xüsusilə mənimsəmə hallarına qarşı sığorta təminatı alınması faydalı ola bilər”.


MANŞET XƏBƏRLƏRİ