Rusiya ordusunu fəal şəkildə genişləndirir, hərbi infrastrukturu modernləşdirir və Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra NATO ilə mümkün qarşıdurmaya hazırlaşır.
Turkustan.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Britaniya nəşri yazır ki, peyk görüntüləri Rusiyanın Finlandiya və Norveçlə sərhəddə hərbi mövcudluğunu artırdığını və Arktikada (Şimal qütbü) aerodromlarını modernləşdirdiyini sübut edir. Mənbənin fikrincə, bu, gələcəkdə mümkün qarşıdurmanın siqnalıdır.
Finlandiyalı general Sami Nurmi deyib: “Biz gələcəyə, Rusiyanın Ukraynada döyüşən qüvvələrini geri qaytarmasına hazırlıq görürük. Sərhədlərimizdəki qoşunların sayı artacaq”.
Rusiya Finlandiya, Estoniya və Latviya yaxınlığındakı bölgələri əhatə edən Leninqrad Hərbi Dairəsini yenidən yaradıb. Keçmiş briqadalar 10 mindən çox əsgəri olan diviziyalara çevrilir.
“Bu, 2022-ci ilə qədərki hərbi planların davamı, İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı yeni geosiyasi hadisələrə cavabdır”, - analitik Emil Kastelhelmi bildirib.
Arktika bazalarının modernləşdirilməsi, strateji bombardmançıların yerləşdirilməsi, Murmanskda hərbi helikopterlərin görünməsi Moskvanın Şimal qütbündə mövqelərini möhkəmləndirmək istəyindən xəbər verir.
“Arktika gələcək hərbi əməliyyatların mühüm teatrıdır”, - Nurmi vurğulayıb.
Danimarka kəşfiyyatı hesab edir ki, Rusiya beş il ərzində Avropada yeni quru müharibəsinə başlaya bilər. Digər mənbələr iki il deyirlər.
“Önəmli sual Rusiyanın bundan sonra nə edəcəyi ilə əlaqəlidir. Bilirik ki, Rusiya bizim üçün həmişə təhlükə olacaq. Biz artıq buna hazırıq”, - Jarmo Lindberq qeyd edib./teleqraf