Xankəndi Ultramarafonuna yekun vuruldu


III Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü - son mərhələsi başa çatıb.

Turkustan.az Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər.

Bununla da atletlər dörd gün ərzində ümumilikdə 192 km məsafə qət edərək Xankəndi Zəfər Meydanındakı finişə çatıblar.

Kişilər arasında ilk üç mərhələdə gürcüstanlı atlet David Xarazişvili qələbə qazanıb, qadınların mübarizəsində isə Ukraynadan olan Olena Şevçenko birinci olub.

Marafon Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilib. Yarışa 6 ölkədən 97 atlet qatılıb.

Ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ-Ağdaş (52,5 km), Ağdaş-Bərdə (63,5 km), Bərdə-Ağdam (46,8 km) və Ağdam-Xankəndi (29,2 km). Hər mərhələnin qalibləri ayrıca təltif edilir.

Yarışın keçirilməsində məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.


MANŞET XƏBƏRLƏRİ