Bakı küçələrinin şampunla yuyulmasını əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi iddialara görə, bu təcrübə COVID-19 pandemiyasından sonra tətbiq olunmağa başlayıb və onun davamı kimi tətbiq edilir.
Paytaxt küçələrinin şampunla yuyulmasının səbəbi nədir? Bu üsul hansı məqsədə xidmət edir?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, yollar adi suyun təmizləyə bilmədiyi neft qalıqları, yağ, rezin izləri və köhnə çirkləri aradan qaldırmaq üçün xüsusi şampunlarla yuyulur:
“Bu proses asfaltın məsamələrini təmizləyir, təkərlərin yol tutumunu (əyləcləməni) yaxşılaşdırır, tozun yayılmasının qarşısını alır və qış mövsümündə istifadə olunan kimyəvi maddələrin qalıqlarını təmizləməyə kömək edir”.

Ekspert bildirib ki, yolların yuyulması praktikası bir çox ölkələrdə var:
“Bu, həm də havanın təmizliyinə birbaşa təsir edir. Amma bununla yanaşı, yığılan suyun kənarlaşdırılması, həmin sistemlərin təmizlənməsi və şəbəkənin genişləndirilməsi kimi vacib məsələlər də mövcuddur. Proqram çərçivəsində Bakı və Abşeron ərazisində yağış sularının kənarlaşdırılması üçün kanalizasiya kollektorlarının tikintisi nəzərdə tutulub. Artıq ilk mərhələdə bu işlərin icrasına başlanılıb”.