Elməddin Quluyev: Qeyri-qida məhsullarının təhlükəsizliyinə dair 47 layihə hazırlanıb


Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb.

Turkustan.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkil etdiyi “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda media təlimində Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev qeyri-qida məhsullarının təhlükəsizliyinə dair texniki reqlamentlər barədə məlumat verib.

O bildirib ki, texniki reqlament mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən texniki-normativ hüquqi aktdır.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində milli texniki reqlamentlərin qəbulu nəzərdə tutulub.

E.Quluyevin sözlərinə görə, Agentliyin koordinasiyalı fəaliyyəti nəticəsində, 7-si Agentlik tərəfindən olmaqla, aidiyyəti dövlət qurumları ilə birlikdə 34 mal kateqoriyası üzrə ümumilikdə 47 texniki reqlament layihəsi hazırlanıb.

Milli texniki reqlamentlərin hazırlandığı qeyri-qida mal kateqoriyalarına maşın və avadanlıqlar, oyuncaqlar, yüngül sənaye məhsulları, uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan məhsullar, mebel məhsulları, uşaq oyun meydançaları üçün avadanlıqlar və örtüklər, yanacaqlar, qaz yanacağı ilə işləyən qurğu və avadanlıqlar, elektrik qurğuları, elektromaqnit uzlaşması ilə əlaqəli texniki vasitələr, sürtkü materialları, yağlar və xüsusi mayelər, liftlər, pirotexniki məmulatlar, attraksionlar, tütün məhsulları, ətriyyat-kosmetika məhsulları, sintetik yuyucu vasitələr, məişət kimyası malları, lak-boya materialları, fərdi mühafizə vasitələri və tikinti materialları daxildir.

Təlimdə ayrı-ayrı məhsul kateqoriyaları üzrə texniki reqlamentlərin tələbləri də diqqətə çatdırılıb.

Bildirilib ki, “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında” TR 001/2026/AZ texniki reqlamenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 may tarixli 131 nömrəli qərarı ilə təsdiq edilib və həmin il noyabrın 6-da qüvvəyə minib.

Reqlament məişətdə yemək hazırlanması və qızdırılması üçün qurğuları, qaz yanacağı ilə işləyən su qızdırıcılarını, ictimai iaşə müəssisələri və iaşə bölmələri üçün qazla işləyən istilik avadanlıqlarını əhatə edir.

Sənəd insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlət maraqlarının qorunması, istehlakçıların çaşdırılmasının qarşısının alınması, eləcə də enerji səmərəliliyi və resurslara qənaətin təmin edilməsi məqsədilə müvafiq qurğu və avadanlıqlara dair tələbləri müəyyən edir. Bu məhsullar üzrə uyğunluğun qiymətləndirilməsi uyğunluq bəyannaməsi və ya sertifikatlaşdırma yolu ilə həyata keçirilir.

Oyuncaqların təhlükəsizliyi ilə bağlı TR 002/2026/AZ texniki reqlamenti isə Nazirlər Kabinetinin 2026-cı il 7 oktyabr tarixli 327 nömrəli qərarı ilə təsdiq edilib. Sənəd dərc edildiyi gündən altı ay sonra qüvvəyə minəcək.

Reqlament oyuncaq musiqi alətləri və qurğularını, uşaq toplarını, uşaqlar üçün hovuzları və digər oyuncaqları əhatə edir. Burada oyuncaqların konstruksiyasına, istifadə olunan materiallara, kimyəvi, fiziki-mexaniki, elektrik və gigiyenik göstəricilərinə dair məcburi tələblər müəyyənləşdirilir. Uyğunluğun qiymətləndirilməsi sertifikatlaşdırma yolu ilə aparılacaq.

Mebel məhsullarının təhlükəsizliyi haqqında texniki reqlament layihəsi isə təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim edilib. Layihə kresloları, divanları, dolabları, çarpayıları, təhsil müəssisələri üçün mebelləri, eləcə də ticarət, ictimai iaşə və məişət xidməti müəssisələrində istifadə olunan mebelləri əhatə edir.

Bu sənəddə mebel məhsullarının mexaniki, kimyəvi, sanitariya-gigiyenik, yanğın və elektrik təhlükəsizliyi üzrə məcburi tələblərə cavab verməsi, bazara çıxarılmazdan əvvəl uyğunluğunun qiymətləndirilməsi və uyğunluq nişanı ilə markalanması nəzərdə tutulur.

Uşaq oyun meydançaları üçün avadanlıqların və örtüklərin təhlükəsizliyi ilə bağlı texniki reqlament layihəsi də Nazirlər Kabinetinə təqdim edilib. Layihə sürüşkənləri, yelləncəkləri, zərbə uducu rezin döşəmə örtüklərini və digər müvafiq avadanlıqları əhatə edir.

Sənəddə oyun meydançası avadanlıqlarının layihələndirilməsi, quraşdırılması, istismarı və gigiyenik təhlükəsizliyi üzrə məcburi tələblərin müəyyən edilməsi, eləcə də bazara buraxılmazdan əvvəl uyğunluğunun qiymətləndirilməsi və uyğunluq nişanı ilə markalanması nəzərdə tutulur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ