"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var".
Turkustan.az xəbər verir ki, bunu "Azerbaijan DNA Project" - "Azərbaycan DNT Layihəsi"nin rəhbəri Orxan Xansuvar bildirib.
O, keçmiş təhsil naziri Misir Mərdanovu da bu nəslin üzvü hesab edir: "Ata nəsli Qərbi Azərbaycanın İcevan (Karvansara) rayonunun Salah kəndindən, Dəmirlilər nəslindən və Mərdanovlar soyadından olan həmyerlimizin Y DNT nəticəsi J1 haploqrupunun CTS1460 subkladı olaraq müəyyən olunub. Bu subklad Qafqazın ən qədim mutasiyalarından sayılır və istər Ermənistan, istərsə də Gürcüstan ərazilərində aparılmış paleodnt nümunələrində aşkarlanıb. Həmin subkladı Kür-Araz mədəniyyətinin genetik davamı kimi qəbul edirlər.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov məhz bu nəsildəndir. Nəticə göstərir ki, Misir müəllimin ata babaları 6000 il öncə də bu torpaqlarda yaşamış yerli və arxaik soylardandır.
Bu subklad həm də Qərbi Azərbaycanda Əmirxeyir kəndindəki Dümələ və Salah kəndindəki Doluxanlı nəslində də aşkarlanıb. Testlər artdıqca bu subkladın xüsusən Qərbi Azərbaycanda və Azərbaycan türklərində geniş yayıldığı ortaya çıxacaq.
Salah kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub. Əsasən bu tayfalar Qaraqoyunlu türk elinə aiddir"./"Yeni Sabah"