Alimlər süni intellektdən istifadə etməklə təbiətdə əvvəllər mövcud olmayan yeni viruslar yaradıblar. Tədqiqatın məqsədi xəstəlik törətmək deyil, bakterial infeksiyalarla mübarizədə yeni üsulların hazırlanmasıdır.
Turkustan.az xəbər verir ki, tədqiqat çərçivəsində süni intellektin köməyi ilə 16 yeni virus yaradılıb. Bu viruslar bakteriyaları yoluxdurmaq üçün nəzərdə tutulub və tədqiqatçılar onların insanlar üçün təhlükə yaratmadığını bildiriblər.
Alimlər hesab edirlər ki, bu texnologiya gələcəkdə bakterial xəstəliklərin müalicəsində yeni imkanlar yarada bilər.
Tədqiqatçılar süni intellektin virusların hazırlanması prosesində istifadəsinin elm üçün mühüm dönüş nöqtəsi olduğunu düşünürlər. Yeni yanaşmanın xüsusilə mövcud müalicə üsullarına cavab verməyən bakterial infeksiyalarla mübarizədə perspektivli ola biləcəyi bildirilir.
Bununla yanaşı, alimlər texnologiyanın mümkün risklərinə də diqqət çəkirlər. Süni intellektin gələcəkdə zərərli bioloji agentlərin hazırlanmasında istifadə oluna bilməsi ilə bağlı narahatlıqlar mövcuddur.
Mütəxəssislər buna görə də süni intellekt və biologiyanın birləşdiyi tədqiqatlarda təhlükəsizlik və nəzarət mexanizmlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayırlar./Musavat.com