Müharibənin bərkitdiyi xarakter: Əfsanəvi “Qarabala” ilə kəşfiyyata yollanan “sakit oğlan”


“Hörmətli məktub!

Əziz və hörmətli qardaşım Telman! Salam. Salamdan sonra biz tərəfin əhvalı ilə tanış olmaq istəsən, biz sağ və salamat varıq. Sənin də sağ və salamat olmağını o bir Allahdan arzu edirik”.

Qarşımda Sovet ordusunda xidmət edəndə Telmana yazdığım məktub var. Həştərxanda, aviasiya qoşunlarında xidmət edirdi. Görünür o zaman iki nüsxə yazmışam, daha yaxşı xəttlə yazdığımı göndərmişəm, hərf səhvləri olan bu nüsxə qalıb. Hə, o zaman məktublar bu cür yazılardı…

Telman məndən 3 yaş böyükdür, amma 4 sinif yuxarıda oxuyurdu. Uşaqlığımız bir yerdə keçib, bir yerdə ailənin təsərrüfat işlərinə kömək etmişik. Olub ki bir qabdan yemək yemişik, sirlərimiz bir olub. Evin kiçiyi olmuşam deyə, Telman hər zaman məni qoruyar, qahmar çıxar, kefimin kök olmasına çalışardı. Ailədə mənim oxumağa meylli olduğumu hiss edən və qayğı göstərən tək adam da o idi. O qədər mərhəmətli idi ki, əgər iki işi eyni anda görə bilsəydi, mənim işlərimi də görə, məni evə-dərs oxumağa göndərər, dərsdən sonra dərnəklərdə məşğul olmağıma şərait yaradardı. Orta məktəbi bitirəndə 11-cilər adətən “vinetka” adlanan məzuniyyət albomu çəkdirirdilər. Mənə “vinetka”ya görə verilən pula çox sevdiyim futbol ayaqqabısı-butsi almışdım. Fotoqraf pulu istəyəndə çətin duruma düşmüşdüm. Evdən də istəməyə utanırdım. Həmin vaxt məni durumdan Telman çıxarmışdı. Kostyum almaq üçün yığdığı puldan ayırıb mənə verdi və mən “vinetka”nın pulunu ödədim.

Böyük qardaşım İlhamdan fərqli olaraq Telman heç zaman dava-dalaşa qarışmaz, hər kəslə mehriban davranardı. İlham demək olar ki, hər həftə dava edər, döyülənlərin valideyni rəhmətlik anamın üstünə gələrdilər. İlham Ağdamda texnikumda oxuyurdu. Dostları ilə birdən Şuşaya, Xankəndinə yeyib-içməyə gedər, dava-dalaş salardılar, yenə şikayətçilər bizə gələrdi. Telman isə elə deyildi. Onun cəmi bircə dəfə dalaşdığını görmüşəm. Deməli Süleyman kişinin oğlu Pənah (adlar şərtidir-müəll.) atla bizim at arabasına yaxınlaşdı, at milçəyi kimi zəhlə tökdü, sataşdı, gicişdi, əl çəkmədi, sonda Telmandan solaxay, qəşəng bir yumruq yedi…

Evdə də sakit idi, məktəbdə də Telman. Sinif yoldaşı Vidadi deyir ki, onun bir dəfə də olsun əsəbləşdiyini görməyib. Xüsusən “Əmək təlimi” fənnində, “İbtidai hərbi hazırlıq” dərslərində hərbi idman oyunlarında fəallıq göstərər, praktiki məşğələlərdə xüsusilə seçilərdi. “Çox ləyaqətli, nümunəvi, sakit, tərbiyəli bir insan idi. 10 ildə ondan kiminsə narazı qaldığını görmədim”-deyir Vidadi.

O, Sovet ordusunda xidmətdə olanda Qarabağ münaqişəsi yenicə başlamışdı. Tərxis olunub qayıdanda kənddə çox az qaldı. Payızda Milli Ordu sıralarına çağırıldı. Ona qədər 2 böyük qardaşım Milli Orduya çağırılmışdı. Açığı heç birindən onun qədər nigaran qalmamışdım. Tərslikdən ən qaynar nöqtələrdə xidmət edir, ən ağır döyüşlərdə iştirak edirdi.

“Milli Ordu sıralarına 1992-ci ilin oktyabrın 10-da çağırıldım. Bizi 708 nömrəli hərbi hissəyə gətirdilər. Şahbulaqda Nazimin (Qarabala) bölüyündə xidmət etməyə başladım-5-ci taborda. Ən ağır döyüşlərimiz Fərruxda, Yeddixırmanda, Abdalda olub. Sonra biz Muğanlıda mövqeləndik”. Ağdam şəhərini işğal etməyi hədəfləyən düşmənin əsas planı Muğanlı kəndini almaq imiş. Telman deyir ki, 1993-cü ilin martın 17-də ermənilər Muğanlıya hücuma keçiblər.

“Nazim bizi yığdı, gecə ilə əməliyyata başladıq. Rizvan, Asif, mən, başqa uşaqlar da var idi. Erməni tanklarının keçəcəyi yola 4 mina düzməli idik. Balaca bellərlə asfaltı güc –bəla qazıb 5 mina basdırdıq. Hətta dedim ki, komandir, dar yoldur, tank düşsə elə dördündən birinə düşəcək. Amma o beşincini də basdırdı. Tankın biri keçdi, minaya düşmədi. Nazim tank əleyhinə raketlə onu vurdu. İkinci tank gəlib ortada basdırdığımız minaya düşdü. Üçüncü tankı Güllücədən Vidadi adlı döyüşçümüz vardı, qrantamyotla vurdu. Vurulan tankdan erməni əsgərləri düşüb qaçdılar. Nazim cəld hərəkətlə tankın üstün çıxdı, “PK”-nı ermənilərə tərəf çevirdi. Komandir o döyüşdə xeyli terrorçu məhv etdi. Qənimət götürdüyümüz tankın üstünə “Qarabala” sözlərini yazdıq. O tank ermənilərə qarşı çox döyüşdə iştirak etdi. Sonra bizim bölük Kökəltmə döyüşlərində də iştirak etdi”.

Döyüş yoldaşı, əslən Ağdamın Xındırstan kəndindən olan Rizvan Əliyev deyir ki, Telman Qarabalanın ən yaxşı, ürəkli əsgərlərindən biri olub. “Bölüyümüzdə yaşlı əsgərlər də var idi, cavanlar da. Telman döyüşdə bişmiş, püxtələşmiş əsgər idi. 3-cü tağımın komandiri idi. İndi o vəzifəni baş leytenant, kapitan icra edir. Telman döyüşü yaxşı öyrənmişdi, gənc əsgərləri də ruhlandırırdı. Dəfələrlə Telmanla ən təhlükəli əməliyyatlarda iştirak etmişik, ölümlə üz-üzə qalmışıq. Bağbanlar, Novruzlu və Saybalı döyüşlərinə birgə qatılmışıq. Amma bircə dəfə qorxub geri çəkildiyini görməmişəm. Yanımızda o qədər dəyərli oğlanlar şəhid oldu, yaralandı, sağlamlığını itirdi. Bölüyümüzdə əksəriyyəti şir kimi döyüşən oğlanlar idi. Sulduz, Gəray, Telman, Akif, Mobil, Əsgər, Kamran, Etibar, Səfər. Səfər təzəcə evlənmişdi, qucağımda şəhid oldu. Son sözü bu oldu ki, oğluma deyərsən ki, atan düşməndən qorxmadı, qəhrəmanlıqla öldü. Komandirimiz Nazim cəsarətli insan idi. Muğanlıda dəfələrlə mühasirəyə düşmüş, Nazimin fədakarlığı sayəsində xilas olmuşuq. Çox əjdaha bir oğlan idi. Mərhum Milli Qəhrəman Yelmar Edilovla da eyni səngərdə döyüşdə olmuşam. Mənə “bacıoğlu, qorxma, bizə heç nə olmaz” deyir, döyüşə ruhlandırırdı. Elə məndən aralandan qısa zaman sonra şəhid oldu. O da cəsur bir kişi idi. Amma Qarabala ayrı oğul idi”.

-İndi o uşaqları yadıma salanda bağrım qana dönür, müəllim-deyir, Rizvan.

Yeri gəlmişkən, Ruzvan Muğanlı caamatının olduqca mərd, qonaqpərvər insnalar olduğunu deyir: “Qaqa, indi tik-tokda o trollar boş-boş söhbətlər edir, cəbhə bölgəsində yaşayan insanları ləkələməyə çalışırlar. Düzdür, pis hər yerdə var. Amma mən Ağdam rayonunda əsgərə, hərbçiyə hörmətsizlik edən yerli sakin görməmişəm. Muğanlı caamatı çox mərd insanlar idi. Bizi köməksiz qoymazdılar. Bəzən həyətdə təndir qalanardı, yoldan keçəndə bizi çağırırdılar: “Əsgər, gəl isti çörəyə qonaq ol”. Yaxınlaşırdıq, bağlamaya yemək də qoyurdular. Bəzən qoyun kəsib bir şaqqasını döyüş postlarına gətirirdilər”.

Nazimdən sonra bölüyün komandiri Rizvan Əliyev təyin edilir. Qeyd edək ki, Qarabala ləqəbli kiçik leytenant Nazim Qənbərov O, 1968- ci il yanvarın 1-də Ağdamın Ətyeməzli kəndində anadan olub. Sovet ordusunda hərbi xidmətdə olmuş Nazim 1992-ci ildən Azərbaycan silahlı qüvvələri sıralarına daxil olub. Əfsanəvi kəşfiyyatçı Ağdamın müdafiəsində dəfələrlə qəhrəmanlıq göstərib, hücum əməliyyatlarına rəhbərlik edib, düşməndən hərbi qənimətlər əldə edib. Nazimin və döyüşçülərinin qəhrəmanlığı Bakıya qədər çatıbmış. Hətta o zamankı Milli Şuranın bir qrup deputatı qəhrəman komandiri görmək üçün Ağdama yollanıblar. Lakin onlar çatanda artıq düşmənin xain tələsinə düşərək şəhid olmuş Nazimin yas məclisinə çatıblar.

Telman döyüş yolundan danışmağı sevmir. Sözləri ağzından az qala “kəlbətin”lə çıxarırsan. Deyir ki, şir kimi döyüşən o cür qəhrəman uşaqların zəhməti hədər getməməli idi: “Düzdür, torpaqlarımızı almışıq. Qisasımız yerdə qalmadı. Amma biz torpaqları saxlaya bilərdik. Ordu düzgün təşkil edilsəydi, Qarabala kimi oğulların əziyyəti hədər getməzdi.

“Muğanlıda postda dayanırdıq. Abdal Gülablıya hücuma gedəndə Naxçıvanikdən bizi “minomyot”la vururdular. Orda xeyli yaralılarımız oldu. Xındırıstandan Əjdər var idi, çox cəsur uşaq idi. “Minomyot” mərmisinin qəlpəsindən yaralanmışdı, başı qucağımda gözlərini yumdu”.

Telman deyir ki, Nazimdən sonra Rizvan da bölüyü elə onun kimi idarə edir. “Nazim döyüşçü yoldaşları üçün örnək idi. Biz onun məktəbini keçmişdik. Rizvan da eynən onun davranırdı, döyüşü onun kimi idarə edirdi. Sonra o da minaya düşdü”.

Telman 1994-cü ilin 12 mayında imzalanmış atəşkəs sazişindən sonra da orduda xidmətini davam etdirdi. Dörd illik hərbi xidmətdən sonra yenidən sakit həyatına qayıtdı, ailə qurdu, tikintidə işə başladı. Amma birinci Qarabağ müharibəsinin izləri onun yaddaşından, ruhundan silinməyib.

-Şükür ki, Qarabağın azadlığını gördük. Müasir silahlarla təchiz edilmiş ordumuz, müxtəlif qoşun növlərimiz var. İgid oğullarımız onda da var idi, indi daha çoxdur. Amma mənə ən çox təsir edən odur ki, müdafiə işi keyfiyyətli təşkil olunsaydı, nizami ordu olsaydı, o qədər itkimiz də olmazdı. Cəngavər kimi oğullar qurban getdi, amma torpaqlarımı işğal olundu, o boyda yurd yerləri dağıldı, ellər didərgin düşdü. Qəhrəmancasına savaşan oğullar lazımi qiymətini almadı-deyə, Telman söhbətini nisgilli notlarla bitirir.

Haqsız da deyil. Namərd qonşularımızın başladığı ədalətsiz müharibə nə qədər taleləri məhv etdi, arzuları yarımçıq qoydu. Neçə isti ocaq şamsız qaldı, neçə uşaq atasız böyüdü. Kimi sevdiyinə qovuşa, kimi arzuladığı yuvanı qura bilmədi, kimi ömrünün ən qönçə çağında şirin canından oldu. Yeganə təsəllimiz odur ki, 30 il həsrətlə baxdığımız Qarabağımız bu gün azaddır. İnsanları qayğıkeşliyi, qonaqpərvərliyi, qaynar təbiəti ilə ad çıxarmış dogma Qarabağda həyat yenidən qaynamağa başlayır. Ağdama, Şuşaya bir vaxtlar xəyal kimi görünən səfərlər bu gün gerçəyə çevrilir. 30 il köçkünlük həyatı yaşamış insanlar dogma yurduna dönür, övladlar atalarını ocağını qalayır, xaraba yurdlarda evlər ucalır.

Elman Cəfərli

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ