Böyük Britaniya və Fransa sabah müxtəlif ölkələrin müdafiə nazirlərini qəbul edərək Hörmüz boğazında ticarət axınının bərpasına yönəlmiş hərbi planları müzakirə edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti açıqlama verib.
Birləşmiş Krallığın Müdafiə Nazirliyinin bəyanatında isə belə deyilir:
“ Müdafiə naziri Con Hili (John Healey MP) fransalı həmkarı, nazir Ketrin Votren (Catherine Vautrin) ilə birlikdə çoxtərəfli missiyanın ilk müdafiə nazirləri toplantısına həmsədrlik edəcək. Görüşdə 40-dan çox ölkə iştirak edəcək”.
Xatırladaq ki, ötən gün İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi Böyük Britaniya və Fransanı Hörmüz boğazına hərbi gəmilər göndərməkdən çəkinməyə çağırıb.
Britaniya isə şənbə günü HMS Dragon hərbi gəmisinin Yaxın Şərqə göndərildiyini açıqlayıb. Rəsmi London bunu mina təmizləmə əməliyyatlarına dəstək və gəmilərin müdafiəsi məqsədi daşıyan “tamamilə müdafiə xarakterli” plan kimi təqdim edib.
Ötən həftə Fransa Silahlı Qüvvələr Nazirliyi də bəyan edib ki, ölkənin aviadaşıyıcı zərbə qrupu Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə yönəlmiş mümkün missiya planı çərçivəsində Qırmızı dənizə yerləşdirilib.
Britaniya və Fransa bölgədə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiyanın formalaşdırılması istiqamətində təşəbbüsə rəhbərlik edir və digər tərəfdaş ölkələri də bu missiyaya qoşulmağa çağırır.
Müdafiə naziri Con Hili bildirib:
“Mən HMS Dragon gəmisinin Yaxın Şərqə göndərilməsi barədə göstəriş vermişəm ki, Britaniya bu missiyaya ehtiyac yaranan anda dəstək göstərməyə hazır olsun.” /Modern.az/