Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Dr. Fazil Mustafa “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” Media Qrupunun baş redaktoru Aqil Camalı 50 illik yubileyi ilə bağlı təbrik edib. Təbrik məktubunda yubilyarın ictimai və media fəaliyyətinə xüsusi diqqət yetirilib.
Turkustan.az təbrik məktubunu təqdim edir:
“Sizi 50 illik əlamətdar yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!
Çox şadam ki, bu ilki yubileyinizi doğma Kəlbəcərdə, işğaldan azad olunmuş digər şəhər və rayonlarımızda uğurla həyata keçirilən “Böyük Qayıdış”ın sevinci, qüruru içində keçirirsiniz.
Siz ictimai fikir mühitində, mediada, ümumən vətəndaş cəmiyyəti sektorunda fəal iştirak edən, milli-mənəvi dəyərlərin qorunması və təbliği yönündə ardıcıl, məqsədyönlü fəaliyyəti ilə seçilən aydınlarımızdansınız. “Ortaq Dəyərlər” İctimai Birliyinə rəhbərlik etməklə yanaşı, “Türküstan” Media Qrupunun baş redaktoru kimi göstərdiyiniz fəaliyyət Azərbaycan mediasında, ümumən Türk dünyası informasiya məkanında təqdir görür.
Sizin fəaliyyətinizdə milli kimlik, ortaq mədəni irs və Türk dünyası ideallarının sistemli şəkildə təşviqi, ictimai şüurun formalaşdırılmasına verdiyiniz töhfələr xüsusi diqqətə layiqdir. Bu istiqamətdə gördüyünüz işlər yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də dəyərli bir irsdir.
50 illik ömür yolunda qazandığınız təcrübə və ictimai güvən bundan sonrakı fəaliyyətiniz üçün də möhkəm zəmin yaradır. İnanıram ki, bundan sonra da təşəbbüsləriniz, layihələriniz milli və beynəlxalq səviyyədə öz müsbət təsirini göstərəcəkdir.
Bu əlamətdar gündə Sizə bir daha möhkəm cansağlığı, tükənməz enerji, yeni ideyalar və uğurlu layihələr arzulayıram”!