Xəbər verdiyimiz kimi, aprelin 1-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində çoxuşaqlı bir ailənin 6 övladı dəm qazından zəhərlənib.
Hadisədən sonra aprelin 3-də uşaqlardan biri vəfat edib. Hazırda 4 uşaq Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında, digər bir uşaq isə Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsini davam etdirir.
Eyni zamanda, sosial şəbəkələrdə atanın 2 yaşlı övladının meyitini qucağında tutaraq “TikTok”da canlı yayım açması geniş müzakirələrə səbəb olub.
Ailənin maddi vəziyyətinin çətin olduğu, uşağın dəfn xərclərini qarşılamaqda çətinlik çəkdiyi və valideynlərin psixoloji durumunun ağır olması da diqqət çəkən məqamlardandır.
Sumqayıt Şəhər İcra hakimiyyətindən bildirilib ki, məsələ icra hakimiyyəti tərəfindən diqqətə götürülüb və aidiyyəti qurumlarla birgə araşdırılıb. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, ailədə olan 8 azyaşlıdan 4-ü hazırda dövlət uşaq müəssisəsində təhsil alır.
Digər 4 azyaşlıdan 2-nin də yaxın müddət ərzində dövlət uşaq müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur. Qalan 2 azyaşlı isə valideynlərinin himayəsində olmaqla, mövcud vəziyyətlə əlaqədar olaraq xalasının yanında yaşayır.
Bəs hansı hallarda uşaq valideyndən alına bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, qanunvericiliklə müəyyən edilmiş hallarda uşaq valideyndən alına bilər:
“Uşağın valideyndən alınması Azərbaycan Respublikasının qanunvericiliyində yalnız uşağın həyatı, sağlamlığı və inkişafı üçün ciddi təhlükə yarandığı hallarda tətbiq olunan ən son və məcburi tədbirdir. Bu məsələ əsasən Ailə Məcəlləsi ilə tənzimlənir və yalnız məhkəmə qərarı ilə həyata keçirilir.
Qanunvericiliyə görə valideyn aşağıdakı hallarda valideynlik hüququndan məhrum edilə və ya uşaq ondan alına bilər:
uşağa qarşı fiziki və ya psixoloji zorakılıq göstərildikdə, uşağın tərbiyə və qayğısından qəsdən yayınma halları olduqda, aliment öhdəliyinin bilərəkdən yerinə yetirilməməsi müşahidə edildikdə, valideynin alkoqol və ya narkotik asılılığı səbəbindən uşağa normal qayğı göstərə bilməməsi hallarında, eləcə də uşağın istismarı və ya hüquqlarının ciddi şəkildə pozulması baş verdikdə”.
Qeyd edilib ki, bundan əlavə, bəzi hallarda valideynlik hüquqları tam ləğv olunmadan məhdudlaşdırıla bilər:
“Bu, adətən valideynin sağlamlıq vəziyyəti, psixoloji problemləri və ya müvəqqəti olaraq uşağa baxa bilməyəcəyi hallar zamanı tətbiq edilir.
Belə vəziyyətlərdə uşaq müvəqqəti olaraq qəyyumluğa, yaxın qohumlara və ya dövlətin müvafiq sosial müəssisələrinə yerləşdirilə bilər.Əgər uşağın həyatı və təhlükəsizliyi üçün dərhal risk yaranarsa, səlahiyyətli qurumlar məhkəmə qərarı olmadan da operativ şəkildə uşağı ailədən ayıra bilər.
Lakin bu addım sonradan məhkəmə tərəfindən təsdiqlənməlidir.
Bütün bu proseslərdə əsas prinsip cəza vermək deyil, uşağın ən üstün mənafeyinin qorunmasıdır. Beynəlxalq yanaşmalara görə də uşaq yalnız son çarə kimi ailədən ayrılmalı, mümkün olduğu hallarda isə ailə mühitinin bərpasına üstünlük verilməlidir”.