Ər arvadına namazı qadağan edərsə: Allaha ibadət, yoxsa ərə itaət?


Bəzi ailələrdə dini inanclar şəxsi seçim olmaqdan çıxaraq mübahisə mövzusuna çevrilir. Xüsusilə də qadınların ibadət azadlığı ilə bağlı yaranan məhdudiyyətlər cəmiyyətdə tez-tez müzakirə olunur. Elə hallar var ki, bəzi kişilər həyat yoldaşlarına namaz qılmağı qadağan edir və bu da həm dini, həm də ailədaxili münasibətlər baxımından suallar doğurur.

Belə vəziyyətdə qadının davranışı necə olmalıdır?

Bu halda qadın ibadətini gizlində davam etdirməlidir, yoxsa ailə daxilində razılıq şərtdir?

Globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov deyib ki, islam dininə görə ibadət məsələsində kimisə məcbur etmək düzgün deyil.

Onun sözlərinə görə, ibadətin mahiyyəti, faydaları, dünya və axirətdə xeyirləri haqqında məlumat vermək, nəsihət etmək olar:

“Amma Quranda da bildirilir ki, dində məcburiyyət yoxdur. Həmçinin bir ayədə də Allah öz peyğəmbərinə buyurur ki, əgər sənin həyat yoldaşların sənə itaət etməsə, onlar ancaq dünya həyatının bər-bəzəyini istəsələr onların istədiyini verib boşaya bilərsən. Lakin onları məcbur etmək, döymək yanlışdır. Bəzən ailə daxilində elə vəziyyətlər yaranır ki, insan bir tərəfdə həyat yoldaşı, digər tərəfdə isə Allah qarşısındakı məsuliyyəti arasında qalır. Bu, xüsusilə qadınların namaz qılmasına mane olunduğu hallarda daha ağrılı hiss olunur. Burada məsələ sadəcə bir ibadət deyil, insanın iman azadlığı və Allaha bağlılığı məsələsidir”.

1 10 8

Əkrəm Həsənov

İlahiyyatçının sözlərinə görə, Qurani-Kərimdə namaz açıq şəkildə vacib buyurulub:

“Nisa surəsinin 103-cü ayəsində namazın möminlər üçün müəyyən vaxtlarda fərz olduğu bildirilir. Bu, o deməkdir ki, namaz insanın öz Rəbbi ilə əlaqəsidir və bu əlaqəyə heç bir insan müdaxilə edə bilməz. İslamın əsas prinsiplərindən biri də budur ki, Allahın əmrinə zidd olan məsələdə heç kəsə itaət yoxdur. Peyğəmbərimiz (s.ə.s) buyurur ki, Yaradanın əmrinə qarşı gələn işdə məxluqa itaət olunmaz. Bu, ailə daxilində də keçərlidir.

Digər tərəfdən, yuxarıda da qeyd etdiyim kimi, Quranda açıq şəkildə buyurulur ki, dində məcburiyyət yoxdur. Bu prinsip sadəcə dinə daxil olmaqla bağlı deyil, ümumilikdə iman və ibadət məsələlərində insanın azad iradəsinə işarə edir”.

Ə.Həsənov bildirib ki, heç kim digər birini ibadətdən uzaqlaşdırmağa və ya məcbur etməyə haqq sahibi deyil:

“Çünki iman zorla deyil, anlayış və qəlb razılığı ilə formalaşır. Əhzab surəsinin 28 və 29-cu ayələri bu mövzuda çox incə bir nümunə təqdim edir. Allah Peyğəmbərə (s.ə.s) buyurur ki, zövcələrinə seçim haqqı versin. Əgər onlar dünya həyatını istəyirlərsə, gözəl şəkildə ayrılmaq yolu göstərilir. Əgər Allahı və axirəti istəyirlərsə, bu yolun savabı böyükdür. Bu ayə göstərir ki, hətta Peyğəmbər ailəsində belə seçim məcburiyyətlə deyil, azad şəkildə qoyulur. Bu, islamın insan iradəsinə verdiyi dəyərin açıq nümunəsidir.

Klassik alimlər bu ayələrə əsaslanaraq bildiriblər ki, fərz ibadətlər insanın üzərindən heç bir halda götürülmür. İmam Nəvəvi və digər alimlər qeyd edirlər ki, əgər insan ibadətdən çəkindirilirsə, o, imkan daxilində ibadətini qorumağa çalışmalıdır. Bu zaman hikmətli davranmaq, ailə daxilində qarşıdurmanı böyütməmək əsas şərtlərdən sayılır”.

Belə hallarda qadın nə etməlidir sualına gəldikdə isə, ilahiyyatçı deyib ki, namaz tərk edilə bilməz: “Əgər açıq şəkildə qılmaq ailə daxilində ciddi problem, zərər və ya təhlükə yaradırsa, qadın ibadətini gizli şəkildə yerinə yetirə bilər. Çünki islam insanın vəziyyətini nəzərə alan bir dindir. Nəhl surəsinin 106-cı ayəsində məcburiyyət halı nəzərə alınır və bu, dinin sərt deyil, hikmətli yanaşma üzərində qurulduğunu göstərir. Müasir baxımdan da bu məsələyə yanaşanda görürük ki, ailə daxilində ibadətə qarşı çıxmaq çox vaxt biliksizlikdən və yanlış təsəvvürlərdən qaynaqlanır. Halbuki ibadət insanı daha sakit, daha səbirli və daha məsuliyyətli edir. Bu isə ailəni zəiflətmir, əksinə gücləndirir. Ona görə də qadın yalnız ibadətini qorumaqla kifayətlənməməli, eyni zamanda, davranışı ilə də bu həqiqəti göstərməlidir. Quranda tövsiyə olunduğu kimi, hikmət və gözəl nəsihət yolu seçilməlidir”.

Əkrəm Həsənovun dediklərinə görə, qadın gizlində namazını qıla bilər: “Bizdə bəzən əvvəlki nənələrimiz deyərdilər ki, əgər ərin səni namaz qılmağa qoymursa, qılmaq məcburiyyətin yoxdur. Çünki ərinə itaət eləmək borcundur. Amma burada söhbət dünyəvi işlərdə itaətdən gedir. Dünyaya aid bütün işlərdə ərinə qarşı xoşgörülü, təvazökar, qulluğunda dayanan xanım olmaq ən doğru seçimdir. Lakin islam dinində belə bir prinsip var ki, Allaha itaətdə məxluqa itaət yoxdur. Yəni dinimizə görə ən vacib olan Allaha ibadət və itaətdir. Allahdan sonra da öz həyat yoldaşına itaət edib hörmət göstərməlisən. Bu o deməkdir ki, qadın əri icazə vermirsə belə, yenə gizlincə də olsa namazını qılmalıdır. Bunu üzdə deməyə və namaza görə digər işləri təxirə salmağa ehtiyac yoxdur”.

İlahiyyatçı öz həyat yoldaşını heç vaxt namaza məcbur etmədiyini vurğulayıb:

“Namaz qılanda isə ona mane olmuram. Ailə daxildə öz aralarında bir razılığa gələ bilər. Burada əsas məsələ hər ikisinin də bir-birinə hörmətlə yanaşmasıdır”.


MANŞET XƏBƏRLƏRİ