ABŞ limanların və ya neft obyektlərinin ələ keçirilməsi də daxil olmaqla, İrana qarşı quru əməliyyatı üçün bir neçə variantı nəzərdən keçirir.
Turkustan.az xəbər verir ki, məlumatı Amerikanın NBC televiziya kanalı anonim mənbələrə istinadən yayıb. Kanal iki keçmiş məmura və müzakirələrlə tanış olan bir şəxsə istinadən iddia edir ki, plan İraq və ya Əfqanıstanda olduğu kimi çoxsaylı qüvvələrin cəlbini nəzərdə tutmur: "Bir neçə variant müzakirə olunur: biri Hörmüz boğazından sərbəst keçidi təmin etmək və gəmiçilik üçün təhlükəni azaltmaq üçün İran limanlarında və ya Fars körfəzindəki kiçik adalarda qüvvələr yerləşdirmək məqsədi daşıyır. Digərləri isə yüksək dərəcədə zənginləşdirilmiş İran uranının ələ keçirilməsi əməliyyatını və ya əsas maliyyə mənbəyini kəsmək üçün İranın neft obyektlərini ələ keçirmək üçün güc tətbiq etməyi əhatə edir".
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın özü dünən jurnalistlərin suallarına cavab olaraq İranla bağlı planlarını açıqlamaqdan imtina edib və əlavə edib ki, bunu etmək ağılsızlıq olardı. /Musavat.com/