Bir raketin qiyməti 20 milyon dollar: ABŞ okeandakı bazasını İran hücumundan belə qorudu


İran Silahlı Qüvvələri ölkə hüdudlarından təxminən 4000 kilometr məsafədə, Hind okeanında yerləşən ABŞ və Böyük Britaniyanın birgə istifadəsindəki Dieqo-Qarsiya hərbi bazasına iki ballistik raket atıb.

Turkustan.az xəbər verir ki, "The Wall Street Journal" (WSJ) nəşri ABŞ rəsmilərinə istinadən Tehranın bu addımının regiondakı müharibənin coğrafiyasını kəskin şəkildə genişləndirdiyini və İranın raket texnologiyasının əvvəllər güman edildiyindən daha böyük mənzilə sahib olduğunu sübut etdiyini bildirir.

Pentaqonun məlumatına görə, hədəfə doğru gələn raketlərdən biri ABŞ hərbi-dəniz qüvvələrinin gəmisindən atılan "SM-3" raket-ələ keçiricisi tərəfindən havada məhv edilib. Diqqətçəkən məqam odur ki, cəmi bircə "SM-3" raketinin dəyəri 20 milyon dollardan çoxdur və ABŞ ildə bu modeldən cəmi 70 ədəd istehsal edə bilir.

İkinci raket isə texniki nasazlıq səbəbindən hədəfə çatmadan okeana düşüb. Dieqo-Qarsiya bazası ABŞ-ın strateji bombardmançı təyyarələrinin əsas sığınacağı və Hind okeanındakı ən mühüm logistik qərargahı hesab olunur.

Tehranın 4000 kilometr uzaqlıqdakı hədəfi vurmağa cəhd etməsi Vaşinqton üçün ciddi siqnaldır və bu, ABŞ-ın Hind okeanındakı bütün aktivlərini İranın birbaşa atəş zonasına salır. Hazırda ABŞ-ın Hind-Sakit Okean Komandanlığı bazanın müdafiəsini gücləndirmək üçün əlavə "Patriot" və "THAAD" sistemlərinin bölgəyə göndərilməsini nəzərdən keçirir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ