Azərbaycanda boşanma “dalğası”nın sonu gəlir?


Son illər Azərbaycanda boşanmaların sayında müşahidə olunan artım cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

Ailə institutunun zəifləməsi prosesi sosial dəyərlərin aşınması ilə əlaqələndirlir. Çoxları bu prosesi müvəqqəti “dalğa” kimi dəyərləndirir. Boşanmalardakı statistik artım zamanla başa çatacaqmı, yoxsa bu, cəmiyyətin yeni reallığına çevrilir?

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında sosioloq, pedaqoq Mail Yaqub bildirib ki, Azərbaycanda boşanmaların artımının yaxın zamanda fərqli istiqamətdə dəyişəcəyini düşünmür. Onun sözlərinə görə, bu proses yalnız Azərbaycana xas deyil, qlobal xarakter daşıyır və dünyanın bir çox ölkəsində müşahidə olunur:

“Düşünmürəm ki, Azərbaycanda boşanma dalğası yaxın zamanlarda müsbət tərəfə dəyişəcək. Nəyə görə?

Çünki bu problem təkcə ölkəmiz ilə əlaqəli deyil, qlobal məsələdir. Bu, bütün dünyada baş verən prosesdir. Baş verənlər sosial şəbəkələrin gətirdiyi fəsaddır. Bu gün sosial şəbəkələr insanlara geniş tanışlıq imkanları yaradır.

Eyni zamanda, insanların psixoloji durumuna təsir göstərir. Sosial şəbəkə istifadəçiləri çoxaldıqca, insanlar daha hövsələsiz olur və həssaslaşır. Sosial şəbəkə istifadəçiləri artdıqca, insanlar konfliktlərə qarşı dözümsüzləşir.

Hövsələsizləşən insan ailəni qoruyub saxlaya bilmir. Halbuki ailə həyatında istər-istəməz yüngül narazılıqlar, mübahisələr yaranır. Hövsələsiz insan, istər qadın, istər kişi olsun, bu problemlərə dözə bilmir. Bu da müasir dünyanın bizə gətirdiyi “ərməğandır””.

Onun fikrincə, kiçik bir narazılıq yaranan kimi insanlar ailəni qorumaqdansa, boşanmağa üstünlük verirlər ki, guya daha rahat və “relaks” yaşasınlar:

“Müasir həyat tərzi də bu prosesi sürətləndirir. Müasir dünya həyatı asanlaşdırır. Həyat asanlaşdıqca, rənglər, əyləncələr və seçimlər çoxaldıqca, insanların hövsələsi, səbr limiti daralır. İnsanlar dərin düşünə, gələcəyi və perspektivi görə bilmirlər.

Bu günü yaşamaq və anlıq rahatlıq əldə etmək, yalnız bu günündən həzz almaq istəyirlər. Belə bir şəraitdə ailənin davamlı olması çətinləşir. Kiçik bir narazılıqla da gedib ərizə verib boşanırlar ki, təki rahat, “relax” yaşayım. Ailələrin əsas pozulma səbəbi budur”.

Mail Yaqub vurğulayıb ki, boşanmaların qarşısını almağın yeganə yolu ailə institutunun güclü şəkildə təbliğ edilməsidir:

““İndi bunun qarşısını necə almaq olar? Yalnız bir yol var. O da ailə institutunun əhəmiyyətinin təbliğ olunmasıdır. Mənəvi mövzularda söhbətlər aparılmalı, dövlət bu sahəyə xüsusi diqqət ayırmalıdır.

Seriallar, filmlər çəkilməli, televiziya verilişləri hazırlanmalı, insanlara izah edilməlidir ki, xırda narazılığa görə ailə dağıtmaq doğru yol deyil. Bu, yüksək şəkildə təbliğ olunmalıdır.

Təəssüf ki, Azərbaycanda bu istiqamətdə yetərli iş görülmür. Ona görə xırda bir narazılıqla gedib boşanırlar. Düşünmürəm ki, bu, dalğadır və tezliklə aradan qalxacaq. Bu, həmin o sosial şəbəkələrin gətirdiyi problemdir”.

Sosioloq əlavə edib ki, bəzi hallarda boşanma və ailəsiz həyat tərzi dolayısı ilə təşviq olunur:

“Hətta deyərdim ki, boşanmalar təbliğ olunur. Dayanmadan televiziya və mediada tez-tez müstəqil, azad, ailəsiz qadınlar efirə çıxardılır, bu obrazları nümunə kimi təqdim edirlər.

İnsanlar da bunu izləyir və düşünür ki, mənim ondan nəyim əskikdir?. Gözəl yaşayır, istədiyi adamla əlaqə qurur, dost, sevgili olur, “kef çəkir”. Mən niyə onun kimi olmayım? Mənim gözəlliyim ondan da yaxşı, mənim yaraşığım ondan da üstündür.

Beləcə təəssüf ki, ailələr dağılır. Bu cür təsirlər ailə dəyərlərinin arxa plana keçməsinə səbəb olur. Bu proses müvəqqəti dalğa deyil və yaxın zamanda öz-özünə aradan qalxmayacaq”.


MANŞET XƏBƏRLƏRİ