Şuşa — Zəfərimizin Tacı, Qürurumuzun Zirvəsi


Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Şuşa şəhərinin işğaldan azad edilməsinin 5-ci ildönümü ilə bağlı xalqımıza müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Tarixin yaddaşında elə günlər var ki, illərin, əsrlərin axarında belə o günlərin nuru sönmür, o qələbənin səsi daim ucalardan gəlir. 8 noyabr — Şuşa Zəfəri günü məhz belə bir gündür. Bu gün yalnız hərbi qələbə deyil, bu gün millətimizin əsrlərlə sınanmış iradəsinin, inamının, birliyinin, vətən sevgisinin təntənəsidir.

Şuşa-qəlbimizin ən dərin guşəsində qoruduğumuz müqəddəs əmanət olub. Bu adın özü bir poeziyadır, bir musiqidir, bir ruhdur. Qartal kimi uca qayalar üzərində qərar tutmuş bu şəhər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət tacıdır. Amma təkcə mədəniyyətin deyil, həm də milli ləyaqətimizin, mənəvi dirənişimizin simvoludur. Onu itirmək bizim üçün çəkilməz ağrı, lakin onu azad görmək — millət olaraq yenidən doğulmaq demək idi.

44 günlük Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlər Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Qayadan -qayaya dırmaşan, buludlarla yarışan igid oğullarımız yalnız torpaq uğrunda deyil, namus, şərəf və gələcək nəsillərin azadlığı uğrunda can qoydular. Hər biri bir dastan, hər biri bir qəhrəmanlıq simvoluna çevrildi.

Bu zəfər, bu möcüzə — Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti, xalqımızın sarsılmaz birliyi sayəsində gerçəkləşdi. Şuşanın azad edilməsi ilə Vətən müharibəsinin taleyi həll olundu, Azərbaycanın tarixində yeni bir səhifə açıldı.

Şuşa Zəfəri və 44 günlük Qələbə yalnız erməni faşizmi üzərində qazanılmadı; bu Zəfər eyni zamanda regionda geosiyasi maraqlar güdən nəhəng dövlətlər və böyük güc mərkəzləri üzərində əldə edilidi. Bu Zəfər bizə bir daha göstərdi ki, bu xalqın birliyinin qarşısında heç bir güc dayana bilməz, çünki bu xalqın ürəyində Vətən sevgisi, azadlıq eşqi və torpağa sədaqət var.

Şuşa bu gün yenidən dirçəlir. Dağıdılmış küçələrində həyat nəfəsi dolaşır, min illik tarixi abidələrimiz bərpa olunur, Qarabağın mədəni ürəyi yenidən döyünür. Bu, sadəcə bərpa deyil — millətin ruhunun dirçəlişidir.

Bu əziz gündə bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə dərin minnətdarlığımızı bildiririk. Onların göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq.

Əziz Şuşa artıq azaddır, Əziz Şuşaya biz qayıtdıq, Şuşa artıq dirçəlir, Şuşa, sadəcə yer, məskən deyil, ruhumuzun, azadlığımızın, qürurumuzun adıdır.

Yaşasın Şuşa!

Yaşasın Qalib Dövlətimiz, Müstəqil, Suveren Azərbaycan!”


MANŞET XƏBƏRLƏRİ