Sığorta şirkəti necə seçilməlidir?


İnsanların əksəriyyəti sığorta şirkətini seçərkən əsas meyarlara diqqət yetirmir və yalnız qiymət amilinə görə qərar verir. Qiymət ucuz ola bilər, amma bu, sabah yaranacaq zərərin vaxtında ödənəcəyinə zəmanət deyil. Halbuki sığorta şirkəti seçimi, gələcəkdə yaranacaq risklərin idarə olunması və zərərin operativ şəkildə ödənilməsi baxımından həyati əhəmiyyət daşıyır. Bu dəfə İlahə Ümidli ilə etibarlı sığorta şirkətini seçməyin yollarından danışırıq.

- İlahə xanım, sığorta şirkəti seçərkən ilk növbədə nəyə diqqət etmək lazımdır?

- Sığorta şirkəti seçərkən ilk növbədə diqqət edilməli məqam şirkətin nə qədər etibarlı olmağıdır. Şirkətin etibarlı olmağı sadəcə böyük bazar payı ilə ölçülmür. Şirkətin əvvəlki illərdəki ödəniş tarixçələri və müştəri məmnuniyyəti də mühüm göstəricilərdir. Mən həmişə deyirəm ki, sığorta müqaviləsi sadəcə kağız üzərində imza deyil bu, gələcəkdə yaranacaq risklərə qarşı sizin hüquqlarınızı qoruyan hüquqi statuslu sənəddir. Ona görə də seçim edərkən diqqətli olmaq lazımdır.

İnsanlar şirkət seçərkən ilk növbədə həmin şirkətin ödəniş tarixçəsini araşdıra bilərlər. Bunun üçün ən effektiv üsullardan biri “ağızdan-ağıza marketinq”dir. Çünki, xüsusilə şərq cəmiyyətlərində insanlar ətrafındakı şəxslərin təcrübəsinə əsaslanaraq daha əmin qərar verirlər. Bundan başqa, Mərkəzi Bankın mütəmadi olaraq dərc etdiyi şirkətlərin şikayət statistikasına baxmaq da faydalıdır. Burada incə bir məqam var: yalnız tanışların fikri ilə kifayətlənmək yox, həm də rəsmi mənbələrdən və real istifadəçi təcrübələrindən məlumat toplamaq lazımdır.

Ən vacib məqamlardan biri isə müqavilə tərtib edilərkən “Təklif”də əks olunan şərtləri diqqətlə oxumaqdır. Xüsusilə “İstisnalar” bölməsi çox vacibdir, çünki burada hansı hallarda sığortanın ödəniş etməyəcəyi göstərilir.

Unutmaq olmaz ki, sığorta şirkəti seçimi birbaşa olaraq riskimizi idarə etmək vərdişimizin göstəricisidir. Etibarlı şirkət yalnız problem zamanı yox, problem yaranmazdan əvvəl də sizi qoruyan tərəfdir.

- Bazar payı böyük olan şirkət həmişə daha etibarlıdır?

- Bazar payı şirkətin ümumi satış həcminin və müştəri sayının göstəricisidir. Bu, şirkətin nə qədər geniş auditoriyaya xidmət etdiyini göstərir, amma etibarlılıq meyarı deyil. Yəni böyük bazar payı olan şirkət daha tanınmış ola bilər, amma bu, onun zərər ödəniş intizamını və ya müştəriyə yanaşma keyfiyyətini avtomatik olaraq təmin etmir.

Bazar payı ilə müştəri məmnuniyyəti həmişə paralel getmir. Statistik təhlillərdə görürük ki, bəzən kiçik bazar payına sahib şirkətlər müştəri məmnuniyyətində daha yüksək nəticələr göstərir. Çünki daha az müştəri ilə fərdi yanaşma və operativ xidmət mümkün olur. Eyni zamanda, böyük bazar payı olan şirkətlərdə müraciət həcmi yüksək olduğundan bəzi hallarda cavab müddətləri uzana bilər.

Mən həmişə deyirəm ki, şirkətin risk idarəetmə sistemi bazar payından daha vacibdir. İri bazar payı, şirkətin çoxlu risk portfelinə sahib olması deməkdir və əgər bu risklər düzgün diversifikasiya edilməyibsə, böyük şirkət də maliyyə çətinliyi yaşaya bilər.

Etibarlılıq üçün əsas göstəricilər ödəniş qabiliyyəti, ehtiyat fondlarının səviyyəsi, zərər ödəniş müddəti və müqavilə şərtlərinin şəffaflığıdır.

Unutmaq olmaz ki, bazar payı yalnız bir göstəricidir və təkbaşına etibarlılıq zəmanəti vermir. Ən sağlam yanaşma bazar payını digər keyfiyyət göstəriciləri ilə birlikdə qiymətləndirməkdir.

- İnsanlar şirkət seçərkən hansı tipik səhvləri edirlər?

- İnsanların ən çox etdiyi səhvlər sırasında ilk sırada yalnız qiymətə görə seçim etməkləridir. Sığorta vitrinə qoyulan bir məhsul deyil ki, ən ucuzu hər zaman sərfəli olsun, burada əsas məqsəd riskin düzgün idarə olunmasıdır. İkinci böyük səhv müqavilə şərtlərini diqqətlə oxumamaqdır. Xüsusilə “İstisnalar” bölməsini oxumadan imza atmaq, gələcəkdə zərərin ödənməməsi riskini yaradır.

Tədqiqatçı kimi bildirə bilərəm ki, müşahidələr göstərir ki, insanlar tez-tez yalnız tanışların məsləhəti ilə və ya şirkətin marketinq görünüşünə görə qərar verirlər. Halbuki müstəqil məlumat mənbələrinə, məsələn Mərkəzi Bankın şikayət statistikasına, rəsmi maliyyə hesabatlarına və müştəri məmnuniyyəti göstəricilərinə baxmaq vacibdir. Digər tipik səhv isə şirkətin yalnız indiki vəziyyətini nəzərə almaqdır, halbuki onun ötən illərdəki sabitliyi və ödəniş tarixçəsi də qiymətləndirilməlidir. Digər səhv addım isə şirkətin xidmət kanallarının əlçatanlığını öncədən test etməməkdir. Zərər zamanı müraciət edə biləcəyiniz birbaşa və operativ əlaqə xətti yoxdursa, ən ucuz və ya ən böyük bazar payına sahib şirkət belə sizi məyus edə bilər.

- İlahə xanım, bəs bu səhvlərdən necə qorunmaq olar?

- Bu səhvlərdən qorunmaq üçün ilk növbədə seçim prosesinə emosional yox, məlumatlı qərar yanaşması ilə başlamaq lazımdır.

Yalnız ucuz qiymətə fokuslanmayın, ən ucuz təklif həmişə ən sərfəli nəticəni vermir. Müqaviləni, xüsusilə “İstisnalar” bölməsini diqqətlə oxuyun, gələcəkdə ödənişdən imtina hallarının əksəriyyəti bu bəndlərdə yer alır.

Rəsmi statistika və real istifadəçi rəylərini birləşdirin, yalnız tanışların dediyinə güvənmək əvəzinə Mərkəzi Bankın şikayət hesabatları və onlayn müştəri rəylərindən istifadə edin.

Şirkətin müraciət kanallarını müqavilədən əvvəl “sınayın”, zəng mərkəzi, sosial media cavab müddətləri və s. xidmət keyfiyyətinin öncədən göstəricisidir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ