Sabit tarifdən kim qazanacaq, kim itirəcək?
Bu sistemdən əsas çox fayda görən enerji təchizatçıları olacaq.
Mütəxəssislərin fikrincə, sabit tariflərin tətbiqi enerji sektorunda xidmət göstərən qurumlar üçün ciddi üstünlüklər yaradır. Bu model təchizatçı qurumların maliyyə gəlirlərini sabitləşdirəcək, büdcə planlamasını asanlaşdıracaq və idarəetmədə qeyri-müəyyənlikləri aradan qaldıracaq.
Bu gün bəzi ünvanlarda enerji istifadə olunmasa belə həmin obyektlər üçün transformatorlar, qaz xətləri, kabellər mövcuddur. Sabit tarif bu vəziyyəti kompensasiya edir. Yəni istifadə olunmasa belə həmin ünvana çıxış olduğu üçün sistemin saxlanması üçün ödəniş edilir. Bu isə təchizatçı üçün daha sabit gəlir, maliyyə planlamasında dəqiqlik və idarəetmədə səmərəlilik deməkdir.
Lakin bu mexanizmin vətəndaş üçün real nəticələri sabit tarifin məbləğindən birbaşa asılı olacaq. Əgər bu ödəniş aşağı - rəmzi səviyyədə olacaqsa anlayışla qəbul edəcək. Amma tarif yüksək və ailə büdcəsinə nəzərəçarpacaq yük formasında təyin olunarsa, bu narazılıqla qarşılana bilər.
Eyni zamanda, aktiv istifadəçilər üçün də müəyyən üstünlüklər yaradır. Bu gün bütün xərclər yalnız istifadə edənlərin üzərinə düşür. Sabit tarifin tətbiqi ilə sistemə qoşulan, lakin istifadə etməyən obyekt sahibləri də müəyyən qədər məsuliyyət daşıyacaq və bu, xərclərin daha bərabər bölüşdürülməsini təmin edəcək.
Lakin bu modelin yük gətirəcəyi qruplar da var. Bunlar əsasən boş mənzillər, yay mövsümündə istifadə edilən bağ evləri və ya kirayəyə verilməyən obyektlərdir. İndiyədək bu obyektlər enerji istifadə etmədikləri halda ödəniş etmirdilər. Yeni model bu "sıfır ödəniş" dövrünü bağlayacaq və sistemə çıxış varsa, ödəniş də olacaq prinsipi tətbiq ediləcək.
İkinci və daha həssas qrup – aşağı gəlirli ailələrdir. Əgər sabit tarifin məbləği rəmzi yox, real yük səviyyəsində təyin edilərsə, bu zaman əhalinin sosial cəhətdən həssas təbəqəsi üçün əlavə maliyyə gərginliyi yaranacaq.
Üçüncü qrup isə – sistemə etimadı zəif olan vətəndaşlardır. Əgər onlar hiss etməsələr ki, bu ödəniş qarşılığında daha sabit enerji, daha yüksək xidmət keyfiyyəti əldə edirlər, sadəcə texniki izahla razı qalmayacaqlar. Vətəndaş haqlı olaraq soruşacaq: “İstifadə etmədim, niyə ödəyirəm?”
Rəsmi qurumlar birmənalı şəkildə yeni modelin tarifləri artırmayağaını bildirilər.
Xarici ölkələrin sabit tarif təcrübəsi
Sabit tarif anlayışı artıq bir çox ölkələrdə enerji təchizatının ayrılmaz hissəsinə çevrilib.
Almaniyada bu sistem “Grundpreis” və “Arbeitspreis” adlı 2 hissədən ibarət tarif strukturu ilə həyata keçirilir. Grundpreis adlanan sabit ödəniş istehlakdan asılı olmayaraq aylıq 8–15 avro arasında dəyişir və şəbəkənin işlək vəziyyətdə saxlanması üçündür. Faktiki enerji istifadəsi isə ayrıca hesablanır. Beləliklə, enerji sisteminə çıxışı olan hər bir istifadəçi istifadə etməsə də sabit ödənişi yerinə yetirir və bu da infrastrukturun davamlı maliyyələşməsini təmin edir.
Fransada da oxşar model tətbiq edilir. Dövlət enerji şirkəti EDF istifadəçilərə bir neçə tarif seçimi təqdim edir. Onlardan bəziləri sabit aylıq haqq qarşılığında daha aşağı tarifləri təklif edir. Bu sistem daha çox enerjidən istifadə edən ailələr üçün əlverişli hesab olunur.
ABŞ-da da sabit tarif komponentləri demək olar ki, bütün ştatlarda mövcuddur. Burada sabit ödənişlər “fixed charge” adı altında təqdim olunur. Bu ödənişlər əsasən təchizat xətlərinin, sayğac xidmətlərinin və şəbəkənin ümumi işləkliyinin təmin olunmasına yönəlib. Hətta öz günəş enerjisini istehsal edən və enerji sistemindən minimal istifadə edən abonentlər də bu sabit xərcləri ödəmək məcburiyyətindədirlər. Məsələn, Kaliforniyada bu məbləğ 10–15 dollar arasında dəyişir.
İtaliya və Niderlandda da oxşar sabit tarif mexanizmləri mövcuddur. İtaliyada “canone” adlı sabit ödəniş sistemi tətbiq olunur. Bu, enerji istifadə edilməsə belə ödənilir və infrastrukturun maliyyələşdirilməsinə yönəlir. Niderlandda isə bu sabit ödəniş “vastrecht” adlanır və aylıq olaraq 20–25 avro civarında olur. Bu məbləğ şəbəkə çıxışı və texniki xidmət xərclərinin qarşılanması məqsədilə tətbiq edilir.
Türkiyə uzun illərdir bu modeli tətbiq edir. Elektrik və qaz fakturalarında “abonman ücreti” və “dağıtım bedeli” adlanan sabit komponentlər yer alır. Bu ödənişlər istifadədən asılı olmadan aylıq olaraq alınır və adətən 20–30 türk lirəsi civarında olur. Bu məbləğlər rəsmi qaydada təsdiqlənir və ictimaiyyətə açıq elan olunur. Türkiyədə bu sistem həm təchizatçıların davamlı maliyyələşməsini təmin edir, həm də istehlakçılara stabil və keyfiyyətli xidmət göstərilməsi məqsədi daşıyır.
Xarici təcrübədən çıxarılan əsas nəticə budur ki, sabit tariflər dünya üzrə geniş tətbiq olunur və bu, enerji sisteminin dayanıqlılığı üçün vacib element hesab edilir. Azərbaycan bu sistemi tətbiq etmək niyyətindədirsə ilk növbədə ictimaiyyətə aydın izahat verilməli, sabit tarifin məqsədi və mahiyyəti izah olunmalı, vətəndaş hansı xərclər üçün nəyə görə ödədiyini başa düşməlidir. (modern.az)