İran: Razılıq əldə olunarsa, uran ehtiyatlarını xaricə ixrac edə bilərik


İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, razılaşma əldə olunarsa, onun ölkəsi enerji sektoruna xarici sərmayənin qəbulu və zənginləşdirilmiş uran ehtiyatlarının xaricə köçürülməsi məsələsini nəzərdən keçirəcək.

Turkustan.az xəbər verir ki, İrəvani hazırkı vəziyyətlə bağlı Al-Monitor-a yazılı açıqlama verib.

Ölkəsinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə hüquqlarını həyata keçirmək əzmində olduğunu vurğulayan İrəvani deyib: "Biz az-çox tələb etmirik. Biz yalnız müqavilənin digər tərəflərinin istifadə etdiyi hüquqlardan faydalanmaq istəyirik".

İrəvani qeyd edib ki, NPT-yə üzv olan hər bir ölkənin nüvə enerjisi sahəsində araşdırmalar aparmaq, onu istehsal etmək və ondan dinc məqsədlər üçün istifadə etmək hüququ var.

Ölkə daxilində nüvə enerjisi istehsal potensialını qorumaq əzmində olduqlarını bildirən İrəvani bunun regional əməkdaşlığa bağlı olduqları anlamına gəlmədiyini vurğulayıb.

İranın bölgədə nüvə reaktorlarını işlədən ölkələrlə “reaktor təhlükəsizliyi və ya yanacaq təchizatı” kimi məsələlərdə əməkdaşlığa açıq olduğunu qeyd edən İrəvani, nüvə sahəsində bir neçə ölkənin birgə fəaliyyət göstərməsi üçün yaradılan texniki və ticari əməkdaşlığa əsaslanan nüvə konsorsiumunun da qeyd olunan əməkdaşlıq variantlarından biri ola biləcəyini deyib.

İrəvani izah edib ki, konsorsium İranın milli nüvə proqramını əvəz edə bilməz, lakin “tamamlayıcı təşəbbüs” kimi xidmətlər göstərə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ