Şimali Koreya iyul və ya avqust aylarında Rusiyaya əlavə hərbi qüvvə göndərəcək. Bu əsgərlərin Ukraynaya qarşı müharibədə birbaşa iştirak edəcəyi bildirilir.
Pxenyanın artıq Moskvaya artilleriya sursatları, raketlər tədarük etdiyi, əvəzində texnoloji məsləhətlər aldığı ehtimal olunur. Bu inkişaflar fonunda iddia edilir ki, Rusiya həmin aylarda Ukraynaya qarşı yeni və genişmiqyaslı hücuma hazırlaşır.
Şimali Koreya-Rusiya hərbi birləşməsi yeni qlobal münaqişəyə yol aça bilərmi? İki aya böyük hücum olacaq?
Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, Rusiya-Ukrayna müharibəsinin 2022-ci ildə başlamasının ilk aylarından etibarən Şimali Koreya Kremli geniş hərbi təchizatla təmin edib:
“Bu yaxınlarda Pxenyan minlərlə əsgərini Ukraynaya qarşı müharibədə birbaşa iştirak etmək üçün də göndərdi ki, bu addım arealı daha da genişləndirdi. Bu məqamda Rusiya və Şimali Koreyanın 2024-cü ilin yayında strateji tərəfdaşlıq müqaviləsi imzaladığını da qeyd edək.
Bütövlükdə isə Şimali Koreya ilə Rusiya arasında son üç il ərzində formalaşan müdafiə sektoru məlum məsələdir.
Bu iddialı tərəfdaşlığın son addımını isə iyunun 17-də Şimali Koreya lideri Kim Çen In ilə Rusiyanın keçmiş müdafiə naziri, hazırda ölkənin Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən Sergey Şoyqu arasında keçirilən görüşdən sonra şahidi olduq. Belə ki, Moskva və Pxenyan arasında hərbi əməkdaşlığın dərinləşməsinin son göstəricisi olaraq Rusiyaya əlavə minlərlə inşaat işçisi və mühəndis göndərməyə razılıq verib. Şoyqunun sözlərinə görə, Şimali Koreya daha min döyüş mühəndisi ilə birlikdə ümumilikdə beş min nəfərdən ibarət iki “hərbi inşaat işçisi” briqadası göndərəcək.
Bildirilir ki, onlar Rusiyanın Ukrayna ilə həmsərhəd olan və 2024-cü ilin avqustunda Ukraynanın müdaxiləsindən sonra aylarla davam edən ağır döyüşlərin şahidi olan Rusiyanın Kursk bölgəsində minalardan təmizləmə əməliyyatları aparacaq və müharibə nəticəsində dəymiş zərərin təmirinə kömək edəcəklər”.
Ekspert deyib ki, Rusiya əvvəlcə Şimali Koreya əsgərlərinin mövcudluğunu inkar edirdi:
“Bununla belə, 2025-ci ilin yazında döyüş sahəsində əhəmiyyətli irəliləyişdən sonra həm Moskva, həm də Pxenyan ukraynalıları Kursk bölgəsindən sıxışdırmaqda Şimali Koreya qoşunlarının oynadığı rolu açıq şəkildə etiraf etməyə keçdi. Bunu deşifrə edən isə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı oldu. Hətta 2025-ci ilin yazında yayımlanan “Reuters” araşdırması da göstərdi ki, Şimali Koreya Ukraynada Rusiya ordusu tərəfindən istifadə edilən bütün artilleriya mərmilərinin yarıdan çoxunu təmin edir. Deşifrə rəsmi hesabatlara tökülməyə başladı.
Şəbnəm Həsənova
Belə ki, ABŞ, İngiltərə, Yaponiya və bir sıra Aİ-yə üzv dövlətlər də daxil olmaqla on bir ölkədən ibarət Çoxtərəfli Sanksiyaların Monitorinq Qrupunun 2025-ci ilin may ayında hazırladığı hesabata görə, Şimali Koreya Rusiyanı da əhəmiyyətli miqdarda ballistik raketlərlə təmin edir.
Şimali Koreyanın bu varlığı, şübhəsiz ki, döyüş meydanına əhəmiyyətli dərəcədə təsir edib və etməkdədir. Müharibənin cəbhə xəttində Şimali Koreya qoşunları ilə qarşılaşan Ukrayna hərbi rəsmiləri Rusiyada genişlənən döyüş təcrübələrinə əsaslanaraq, onların tez öyrənmək və yeni taktikaları birləşdirmək bacarıqlarını etiraf edirlər. Bu etiraf Ukrayna komandirlərindən gəlir ki, mövcud dəstək Moskvanın Ukraynaya müdaxiləsində mühüm rol oynayıb.
Bu məqamda yaranan digər bir sual da mövcuddur: “Şimali Koreya bunun müqabilində Rusiyadan nə əldə edir?”
Kremli canlı qüvvə və davamlı sursat axını ilə təmin etmək müqabilində Şimali Koreya Rusiyadan yardım alır ki, bu da ölkəyə ordusunu modernləşdirməyə imkan verir. Kremllə əməkdaşlıq vasitəsilə Şimali Koreyanın hərbi imkanlarının təkmilləşdirilməsi, hava hücumundan müdafiə avadanlıqları və zenit-raket kompleksləri, qabaqcıl elektron müharibə sistemləri və Şimali Koreyanın ballistik raketlərinin gələcək inkişafı ilə yanaşı, Şimali Koreyanın hərbi proqramları üçün Rusiyanın maliyyələşdirməsini əhatə edir”.
Ş. Həsənova hesab edir ki, Rusiyanı Ukraynaya hücumlar üçün ballistik raketlərlə təmin etməklə Şimali Koreya müasir müharibədə görünməmiş təcrübə qazanıb:
“Bu, Şimali Koreyanın mövcud raket idarəetmə sistemlərinin dəqiqliyini artırmağa imkan verir. Şimali Koreya ordusunun modernləşdirilməsi Cənubi Koreya və daha geniş region üçün bir sıra potensial təhlükəsizlik problemləri yaradır. Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakı da bir çoxları tərəfindən daha beynəlxalq qarşıdurmaya doğru təhlükəli eskalasiya kimi qiymətləndirilir.
İndiyədək Şimali Koreya əsgərlərinin yalnız Rusiya daxilində döyüş əməliyyatlarında iştirak etdiyi görünür. Bununla belə, Kiyev rəsmiləri Şimali Koreyalıların Rusiyanın davam edən yay hücumuna qoşulmaq üçün tezliklə Ukraynanın özünə yerləşdirilə biləcəyindən narahat olduqlarını bildiriblər. Pxenyanın Rusiya müharibəsində getdikcə daha açıq şəkildə iştirakına Qərbin güclü reaksiyasının olmaması nəzərə alınmaqla, bu cür narahatlıqlar haqlı görünmür.
Heç bir tərəfin tam qalibiyyəti olmayan yerdə, son addımın müəllifi də heç bir aktor olmur. Fokus olunan aktorlardan və regionlardan diqqəti yayındırmaq üçün müharibələrin, münaqişələrin başqa regionlara keçirildiyinin şahidi oluruq. Sərt gücdən daha çox psixoloji istismar, mənəvi təzyiqlər də aydın görünür. Bunu hətta sosial şəbəkələrə buraxılan, sirkulyasiya etdirilən karikaturalarda, qısa metrajlı videolarda da görmək olar”.