Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Fransanın müstəmləkəçilik siyasəti və bu ölkədə insan haqlarının vəziyyətinə dair ictimai dinləmələrin keçirilməsi layihəsinin icrasına başlayıb.
Turkustan.az xəbər verir ki, layihə çərçivəsində Fransanın müstəmləkəçilik siyasəti və bu ölkədə insan hüquqlarına dair ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi bu sahədə daha çox məlumatlandırma və ictimai müzakirələr təşkil etmək, Qlobal Cənubda Afrika qitəsi ölkələrinin üzləşdiyi müstəmləkəçilik siyasəti ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.
Müzakirələrin keçirilməsində əsas məqsəd Qlobal Cənubda müstəmləkəçilik həyatı yaşamış gənc liderlərlə Azərbaycanlı gənclər arasında əlaqələri daha da inkişaf etdirmək, işgüzar əlaqələr yaratmaq və Fransanın müstəmləkəçilik siyasətinə qarşı birgə səyləri daha da gücləndirməkdir. Bu məqsədlə ictimai müzakirələrə və dinləmələrə Qlobal Cənub ölkələrindən vətəndaş cəmiyyəti nümayəndələri və gənc liderlərin online şəkildə qoşulması nəzərdə tutulur.
Layihə çərçivəsində ictimaiyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin çıxışlarının olması, daha sonra müstəmləkəçilikdən əziyyət çəkən Qlobal Cənub ölkələrinin nümayəndələrinin online qaydada çıxış və məruzə etməsi nəzərdə tutulur.
Eyni zamanda Qlobal Cənub ölkələri Qeyri-Hökumət Təşkilatları iqlim dəyişmələri sahəsində qlobal təşəbbüslərdə fəal iştirak edərək bu təşəbbüslərə qoşulur, iqlim fəaliyyəti ilə bağlı yeni platformalar təsis edirlər. Bu öz növbəsində Qlobal Cənub ölkələri vətəndaş cəmiyyəti təşkilatlarının səslərinin qlobal səviyyədə eşidilməsi, milli və qlobal səviyyədə təşəbbüslərin dəstəklənməsi və Qlobal Cənubla Qlobal Şimal arasında bir körpü və əməkdaşlığın yaranmasına töhfə verir.
Tədbir çərçivəsində eyni zamanda Qlobal Cənubun üzləşdiyi çağırışlarla yanaşı, əldə etdiyi uğurlar da vurğulanaraq iqlim həlləri üzrə Qlobal Cənub-Cənub tərəfdaşlığı, COP29 çərçivəsində Qlobal Cənubun əldə etdiyi uğurlar və nəaliyyətlər və qlobal təşəbbüslərə fəal şəkildə qoşulması əsas müzakirə mövzularından olacaqdır.