“İslam dinində qida seçimi şəriət qaydalarına uyğun olmalıdır”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev Modern.az-a açıqlamasında İslam dinində qida seçimində şəriət qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, İslamda yalnız dördayaqlı heyvanların deyil, həmçinin balıqların və quşların ətinin halal və haram olması ilə bağlı ciddi qaydalar mövcuddur:
“Dördayaqlı heyvanlardan yalnız qoşadırnaqlı və qoşabuynuzlu olanların ətinin yeyilməsi tam halal sayılır. Məsələn, dəvə bu kateqoriyaya daxildir. Təkdırnaqlı heyvanların, məsələn at, ulaq və qatırın əti isə məkruh hesab olunur. Yəni bu ət haram deyil, amma bəyənilməyən qida kimi qəbul edilir”.
Hacı Fuad həmçinin vurğulayıb ki, belə heyvanların ətindən yalnız qoşadırnaqlı və qoşabuynuzlu heyvanların tapılmadığı halda istifadə etmək olar:
“Pəncəli heyvanların, o cümlədən pişik, şir, bəbir və dovşan kimilərin ətinin yeyilməsi haramdır. Dovşan ətinə şəriət alimləri istisna olaraq insanların qıtlıq və aclıq keçirdikləri zamanlarda icazə veriblər”.
“Balıqlardan üzərində pulcuq olanların yeyilməsi halal sayılır. Üzərində pulcuq olmayan balıqların yeyilməsi barədə fərqli yanaşmalar mövcuddur. Dənizdəki digər canlıların hamısının yeyilməsinə icazə verilmir. Qurbağa və bəzi digər dəniz canlıları məhsullarının istifadəsi İslamda qadağandır”.
Müsahibimizin sözlərinə görə, yalnız qanad vurması süzməsindən çox olan quşların ətinin yeyilməsi halal hesab olunur. Məsələn, qartal, qırğı və qızılquş kimi quşların ətinin yeyilməsi haramdır:
“Dördayaqlı heyvanlar və quşların şəriətə uyğun kəsilməsi vacibdir. Heyvanın üzü qibləyə doğru olmalı, əsas damarları kəsilməli və qanı axmalıdır. Elektriklə, boğulmaqla və ya başqa yollarla öldürülmüş heyvanların ətinin yeyilməsi qadağandır. Balıqlar üçün bu şərt tələb olunmur”.
Həmçinin bəzi çəyirtkə növlərinin və xırda xərçənglərin, məsələn, krivetka növünün yeyilməsi halal sayılır. Amma digər xərçəng və çəyirtkə növlərinin yeyilməsi qadağandır.
Hacı Fuad Nurullayev əlavə olaraq, müsəlmanlara İslamın təyin etdiyi qida qaydalarına riayət etməyi məsləhət görüb. Qeyd edib ki, qeyri-şəriət qaydalarına uyğun qidalanmaq müsəlmanlıq əqidəsinə ziddir. Qida qəbul edərkən onun halal olub-olmadığına diqqət yetirilməlidir.