Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza – Xəbərdarlıq edildi


Dəniz sezonuna az qalıb və bəzi məsələlər yenidən gündəmə gətirilir. Əsas problemlərdən biri Xəzər sahillərində ödənişli çimərliklərin sayında ciddi artımın müşahidə olunmasıdır.

Adətən bəzi özəl obyektlər sahil zolağını zəbt edir, insanlara 4-5 dəfə baha xidmət təklif edirlər. Bu da istər-istəməz narazılıq yaradır. İddialara görə, bələdiyyələr sahil zolağını sahibkarlara icarəyə verirlər. Özəl çimərliklərə də dövlət tərəfindən nəzarət edilmir və batma hallarında məsuliyyət daşıyan olmur.

Yeni sezonda da oxşar halların təkrarlanmaması üçün hansı addımlar atılmalıdır? Bu məsələ necə tənzimlənməlidir?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, dövlət qurumları çimərliklər məsələsinə yenidən baxmalıdır:

“Dəniz sahillərinin özəl çimərlik və ya “daça” adı altında çəpərlənməsi ilk növbədə vətəndaşların konstitusion hüququnun məhdudlaşdırılmasıdır. Məlumdur ki, konstitusiyanın 37-ci maddəsi hər kəsin istirahət hüququ olduğunu bildirilir. İstirahət hüququ təkcə gündə 8 saatdan artıq işləmək, istirahət və bayram günləri evdə qalmaq, ildə ən azı 1 dəfə ödənişli məzuniyyətə çıxmaq imkanı demək deyil. Həm də istirahət saatlarında ictimaiyyətə açıq yerlərdə gününü keçirmək, parklarda gəzmək, dağlara çıxmaq, çimərliklərdə üzmək və ya özünü günə vermək imkanları deməkdir. Azərbaycanda isə Xəzər dənizinin bütün sahilləri ya iri məmurlar tərəfindən çəpərlənib, ya da özəl çimərlik adı altında pullu xidmət göstərir. Belə çıxır ki, Azərbaycan vətəndaşları öz istirahət hüquqlarını pulla satın almalıdır. Ya ömrü boyu işləyib qazana bilməyəcəyi pulları verib “daça” almalı, ya da kimlərinsə çəpərləyib özəl çimərliklər adlandırdığı yerləri bir neçə saatlığa kirayə götürməlidir. Halbuki pulla əldə olunan ayrıcalıq, imtiyaz hüquq sayıla bilməz. Hüquq sənə verilən haqqın pulsuz təmin olunmasıdır. Bizim ölkəmizdə isə pulsuz çimərlik demək olar ki, qalmayıb”.

heyder oguz
Heydər Oğuz

Heydər Oğuz deyib ki, üstəlik, təbiətin bütün insanlara bəxş etdiyi nemətlərin kimlər tərəfindən mənimsənilməsinə və bundan qazanc əldə etməsinə imkan verilə bilməz:

“Qazanc yalnız insanların öz əqli və fiziki əməyi ilə əldə etdiyi dəyərlər olmalıdır. Məhz bu səbəbdən də təbiətin yaratdığı nemətlər ölkə vətəndaşlarının ümumi sərvəti sayılmalıdır. Çimərliklər və “daça”lar isə sözsüz ki, hansısa fərdlər tərəfindən yaradılmayıb, sadəcə, mənimsənilib. Bir çox hallarda bu mənimsəmələr həmin yerləri qanunsuz ələ keçirənlərlə məmurlar arasında yaşanan sövdələşmələr əsasında həyata keçirilir. Bunun adı isə ən yaxşı halda korrupsiyadır. Elə bu səbəbdən də çimərlik və “daça”ların hasarları sökülməli, onlar bütün vətəndaşların pulsuz istifadəsinə verilməlidir. Kimlərsə çimərlik sektorundan pul qazanmaq istəyirsə, bunu öz xidmətləri sayəsində qazanmalıdır. Məsələn, deyək ki, istəyənə çay, dondurma sataraq, yaxud xüsusi qayıqlarla ekskursiyalar təşkil edərək bundan qazanc əldə edə bilərlər. Amma sırf çimərliklərə girib orda istirahət edənlərdən haqq istəmək yolverilməzdir”.

Bələdiyyələrin işinə gəldikdə isə siyasi şərhçi bildirib ki, onlar bu işi təşkil etdiklərinə görə kiminsə əlinə baxmamalıdır:
“Çünki insanların istirahətini təmin etmək onların bir nömrəli vəzifələridir və bu vəzifəni yerinə yetirmək üçün o postlara seçilirlər”.


MANŞET XƏBƏRLƏRİ