Ukrayna Prezidenti Volodimir Zelenskinin son açıqlaması diqqət çəkib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin növbəti hədəf kimi Qazaxıstanı seçə bilər. Eyni zamanda, “Putin Belarus, Moldova, Litva və Latviya ərazilərinin tam işğalını istəyir. Polşaya da təhlükə var” deyib.
Bəs Rusiya belə genişmiqyaslı işğal planlarını həyata keçirməyə hazırdırmı? Bu ehtimal nə dərəcədə realdır?
Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı qeyd edir ki, Zelenskinin fikirlərində həqiqət payı var:
“Amma Ukrayna kimi ağır bir müharibəni üstünlüklə bitirmədən Putinin başqa bir müharibəyə girmək ehtimalı çox azdır. Çünki Ukrayna müharibəsi artıq Rusiyanı bütün dünyaya qarşı qoyub və ikinci belə müharibə ona çox baha başa gələ bilər.
Zelenskinin adını çəkdiyi ölkələr isə Ukraynadan çox-çox kiçikdir və heç biri Rusiya ilə savaşa girməyi arzulamır. Xüsusilə Qazaxıstan məsələsi daha çox illüziyadan ibarətdir. Unutmayaq ki, burada Türkiyə faktoru da var.
Qardaş ölkə heç bir türkdilli respublikanın işğalına göz yuma bilməz. Həm də Türkiyə ilə Rusiya münasibətləri hazırda ən yaxşı dövrünü yaşayır. Zelenski bəzi dövlətləri Kremlə qarşı ayağa qaldırmaq məqsədilə bu fikirləri səsləndirir. Lakin bu, ona asanlıqla nəsib olmayacaq, çünki həmin ölkələrin rəhbərləri Zelenski deyil.
Təbii ki, hamı bilir ki, Putinin hədəfləri sırasında keçmiş SSRİ-ni bərpa etmək əsas prioritetdir. Amma indiki dünya düzənində bu asan məsələ deyil. Düşünürəm ki, Ukrayna savaşı ilə birlikdə Rusiya da bu iştahasından yavaş-yavaş vaz keçməyə başlayıb. Bu, Rusiyanın tarixində ən ağır müharibələrdən biridir.
Buna baxmayaraq, ehtiyatı əlindən verməmək lazımdır. Rusiyanın nə edəcəyi tam məlum deyil və daim diqqətli olmaq şərtdir.”