Paşinyan Bakıya GƏLƏCƏK


Azərbaycan və Ermənistan Avropa Siyasi Birliyinin Sammitinə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini dəstəkləyib. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat yayıb.

Paşinyan eyni zamanda, Avropa Siyasi Birliyinin Sammitinin Azərbaycanda keçirilməsi qərarını alqışladığını vurğulayıb.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2026-ci ildə Ermənistanda, 2028-ci ildə isə Azərbaycanda keçiriləcək.

Siyasi ekspertlər deyirlər ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı ilə bağlı qəbul edilən qərarlar Nikol Paşinyanın Bakıya yolunu açıb. Təbii ki, əgər Paşinyan 2028-ci ilə qədər hakimiyyətdə qala bilsə...

Xatırladaq ki, Nikol Paşinyan ötən il Bakıya gəlmək fürsətini qaçırmışdı - o, Azərbaycanda keçirilən COP29 tədbirinə qatılmağa tərəddüd etmişdi..

"Paşinyan Azərbaycandakı Zirvə toplantısında iştirak edə bilər"

Modern.az-a açıqlamasında sabiq diplomat Nəsib Nəsibli bildirib ki, Paşinyan Azərbaycanda keçiriləcək sammitdə iştirak edə bilər:

"Bu, həm də arzuolunan haldır və sülh prosesinin sürətlənməsinə müsbət təsir edəcək. Nə qədər tez gəliş-gediş olsa, bir o qədər proses sülh müqaviləsinin imzalanması ilə nəticələnəcək. Mən bir an öncə sülh müqaviləsinin imzalanmasının tərəfdarlarındanam. Dəyişən dünyada bizim üçün ən uğurlu, avantajlı durumdayıq. Vəziyyətdən istifadə edib sülh müqaviləsinin imzalanmasına nail olmaq lazımdır. Qalan məsələlər də iş prosesində həll olunar. Doğrudur, Azərbaycan Ermənistandan konstitusiyasını dəyişməsini istəyir. Amma konstitusiya dəyişikliyini Paşinyan indi istəsə belə, edə bilməz. Çünki onun və partiyasının siyasi nüfuzu buna yetmir".

"Zirvə toplantısına qədər sülh və ya çərçivə müqaviləsinin imzalanması baş tuta bilər"

Sabiq diplomat vurğulayıb ki, Avropa Siyasi Birliyinin Ermənistandakı Zirvə toplantısında Azərbaycan Prezidentinin iştirakı müsbət hal olar:

"Bəlkə də, bundan əvvəl artıq sülh və ya çərçivə müqaviləsi imzalanmış olar. Məncə, bu daha arzuolunan haldır".


MANŞET XƏBƏRLƏRİ