Qəzza zolağında məskunlaşma ilə bağlı HƏMAS nümayəndələri ilə dolayı danışıqlarda iştirak edən İsrail nümayəndə heyəti Qətərin paytaxtı Dohadan geri çağırılıb.
Bu barədə qərarı İsrailin Baş naziri Benyamin Netanyahu verib. Məlumata görə, səbəb HƏMAS-la danışıqların dalana dirənməsidir. Beləliklə, Dohadakı Təl-Əviv nümayəndələrinə ölkəyə qayıtmalı olduqları deyilib. Qruplaşma üzvləri ilə bir neçə dəfə müzakirələr aparılsa da, heç bir nəticə əldə olunmayıb.
Globalinfo.az-a danışan Hüquq və Siyasi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, Netanyahunun bu addımı atacağı gözlənilən idi:
“ABŞ-ın İsrailin iştirakı olmadan bir sıra danışıqlar prosesinə üstünlük verməsi Təl-Əvivi qane etmirdi. Netanyahu Vaşinqtonun Tehranla müzakirə aparmasına görə narazı olduğunu açıq şəkildə bildirib. ABŞ Prezidenti Donald Trampın ayrı-ayrılıqda həm HƏMAS, həm husilər, həm də İranla danışıqlar başlatması İsrailin baş nazirini çox ciddi şəkildə ümidsizləşdirmişdi. Hətta buna görə Tramp administrasiyasına münasibətini də dəyişib.
Benyamin Netanyahunun fikrincə, yeganə həll yolu İranın nüvə obyektlərinin vurulması və bu ölkə ilə müharibənin başlanmasıdır. Qətərdən bütün İsrail nümayəndə heyətini geri çağırmaq qərarı da bununla bağlıdır. Düşünürəm ki, Netanyahu bundan sonra Suriyaya qarşı da sərt addımlar atacaq. Bütün bunlar ABŞ-ın qərarlarına münasibətdə inadkarlıq kimi qiymətləndirilə bilər”.
Xəyal Bəşirov
Politoloq əlavə edib ki, İsrailin yaxın zamanda İranın nüvə obyektlərini vuracağı ilə bağlı məlumatlar yayılıb:
“Bu, riskli qərardır, həyata keçirmək cəsarət tələb edir. Amma Suriyada belə bir şeyin baş verməsi mümkündür. Dəməşqdə keçmiş hökumətin devrilməsindən sonra bütün ölkələrin Suriyaya münasibəti də dəyişdi. Belə ki, əvvəllər Dəməşqlə münasibətləri yaxşı olan ölkələrin mövqeyi pisləşdi, pis olanların yanaşması isə yaxşılaşdı.
Məsələn, İran və Rusiya ilə münasibətlər pisləşdi. Amma Türkiyə, Avropa İttifaqı və ABŞ-ın münasibətləri yaxşılaşdı. İsrailin münasibəti isə dəyişmədi. Çünki Təl-Əviv hər vəchlə öz ərazisini genişləndirmək istəyir. Hesab edirəm ki, buna görə Qəzza və Suriya kimi məsələlərdə vəziyyət daha da gərginləşəcək”.