İki böyük kürd nəsli qarşı-qarşıya: İraqda muxtariyyət dağılır!


İraqın Kürdüstan muxtar bölgəsində siyasi böhran dərinləşir.

Kürdüstan Vətənpərvərlər İttifaqının (KVİ) lideri Bafəl Tələbaninin ötən həftə muxtariyyət parlamentinin işində iştirakdan imtina etməsi bölgədə parçalanma ehtimalını yenidən gündəmə gətirib.

Britaniyanın Chatham House analitik mərkəzinin hazırladığı sənəddə bölgədə iki əsas siyasi qüvvənin nəzarətində olan ərazilər göstərilir.

Məlumata görə, Kürdüstan Demokrat Partiyasını (KDP) təmsil edən Bərzani ailəsi Ərbil və Duhok, Tələbani ailəsinin rəhbərlik etdiyi KVİ isə Süleymaniyyə və Hələbçə üzərində nəzarətə malikdir.

İki siyasi qüvvə arasında qarşıdurmanın tarixi ötən əsrin 70-ci illərinə gedib çıxır. Həmin dövrdə Cəlal Tələbani və Məsud Bərzani İraqın mərkəzi hökumətinə qarşı mübarizə aparsalar da, sonradan münasibətləri kəskin pisləşib.

1990-cı illərin ortalarında tərəflər arasında silahlı toqquşmalar baş verib. Nəticədə Tələbani Süleymaniyyə, Bərzani isə Ərbil mərkəzli ərazilərə rəhbərlik edib.

Tələbani sol siyasi baxışları və İranla sıx əlaqələri ilə seçilib. Bərzani isə İsraillə yaxın münasibətlər saxlayıb və Qərbə istiqamətlənib.

Səddam Hüseyn rejiminin devrilməsindən sonra Cəlal Tələbani İraq prezidenti seçilib, Kürdüstan muxtariyyəti isə formal olaraq yenidən birləşib.

Lakin son illərdə dövlət vəzifələrinin bölüşdürülməsi və peşmərgə silahlı qüvvələrinin vahid komandanlıq altında birləşdirilməsi məsələləri tərəflər arasında fikir ayrılıqlarını gücləndirib.

ABŞ və İsrailin İranla müharibəsi də bölgədəki siyasi qarşıdurmaya təsir göstərən amillərdən biri kimi qeyd olunur.

Hazırda Tələbani ailəsi muxtariyyət daxilində daha geniş inzibati bölgünü və bunun hüquqi statusunun rəsmiləşdirilməsini təklif edir.

KVİ tərəfindən hazırlanan yeni sənəddə Kürdüstan muxtariyyətinin əyalətlərinə İsveçrə kantonları və ya Birləşmiş Ərəb Əmirliklərinin idarəetmə modelinə uyğun daha yüksək status verilməsi nəzərdə tutulur./Musavat.com


MANŞET XƏBƏRLƏRİ