Ötən həftə Milli Məclisdə 2026-cı ilin büdcə zərfi müzakirə olunub. Bir sıra sahələrə ayrılan xərclərin artırılması gözlənilir. Vətəndaşları düşündürən əsas məsələ ilə pensiya və minimum əmək haqqının artırılmasıdır.
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, sosial sahədəki addımların bir qismi qanunvericiliklə, digər bir qismi isə Prezident tərəfindən verilən qərar və imzalanan sənədlərlə reallaşır:
"Fərqli dövlət qurumlarında əmək haqqının artması məhz cənab Prezident tərəfindən imzalanan sərəncamla həyata keçirilir. Bu il cənab Prezident tərəfindən bir sıra sərəncamların imzalanmasını, həm minimum əmək haqqının real artımını, həm də müəyyən dövət qurumlarında maaş artımını müşahidə etdik. Qanunvericiliklə pensiyaların həm indeksasiyalaşdırılaraq artırılması, həm də ehtiyac meyarı müəyyənləşir. Yanvarın 1-dən etibarən "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya məbləğləri indeksləşdirilərək artırılacaq və bu bütün növ pensiyalara şamil ediləcək. İlkin gözlənti ondan ibarətdir ki, pensiyalarda 9,2% artım qeydə alınacaq. Bu həm yaşa, həm valideynlərini itirməyə, həm də əlilliyə görə pensiyaları əhatə edəcək. Növbəti ildən etibarən 1 milyon 100 min vətəndaşın pensiyalarında artımlar olacaq".
Deputat onu da qeyd edib ki, ehtiyac meyarının artırılması ünvanlı sosial yaradım məbləğində artımlara səbəb olacaq:
"Ona görə həm ünvanlı sosial yardım məbləği, həm əmək pensiyalarının indeksləşidirlərək artırılması, həm də pensiya kapitalındakı artımlar qanunvericiliklə tənzimləndiyindən öncədən təbii ki, həmin addımları proqnozlaşdırmaq mümkün olur. 2026-cı ilin dövlət büdcəsindən sosial xərclərin həcmində artımlar nəzərdə tutulur. 2025-ci ildə bu sahəyə yönəldilən vəsait 16,9 milyard manat idisə, 2026-cı ildə 17,1 milyard manat sosial istiqamətə yönəldiləcək. 2026-cı ildə də sosial təminat və müdafiənin daha da gücləndirilməsi prioritet olaraq qalacaq".