Sülh dalana dirənib: Azərbaycan imtina edəcək?


“Azərbaycan Ermənistanla danışıqlar prosesində iştirak etməkdə davam edəcək. Amma lazım gələrsə, zəruri tədbirlər də görəcək”.

Bunu politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində Azərbaycan-Ermənistan sülh prosesi üzrə danışıqların dalana dirənməsinin səbəbini izah edərkən bildirib.

Onun sözlərinə görə, hazırda sülh prosesində müəyyən durğunluq yaranıb:

“Bunun əsas səbəbi İrəvanın manipulyasiya ilə məşğul olmaqla prosesi uzatması və bununla yanaşı, beynəlxalq ictimaiyyətdə anti-Azərbaycan təbliğat kampaniyası aparmasıdır.

İrəvanın niyyəti budur ki, Bakıda keçiriləcək COP-29 beynəlxalq tədbirinə qədər Azərbaycana qarşı siyasi təzyiqlər artırılsın və bununla da sülh sazişi məhz onun şərtləri daxilində imzalansın.

Təbii ki, Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır.

Azərbaycan Ermənistana iki tələb irəli sürüb. Bu tələblər yerinə yetirilməyənə qədər Azərbaycan Ermənistanla sülh sazişi imzalamayacaq.

Birinci tələb budur ki, Ermənistanın Konstitusiyasında və qanunvericilik aktında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəaları ləğv etməlidir. İkincisi, İrəvan Bakı ilə birlikdə ATƏT-nin Minsk qrupunun buraxılması ilə bağlı birgə bəyanat verməlidir.

Təəssüf ki, İrəvan hər iki məsələnin icrasından yayınmağa çalışır. Bu da sülh prosesində durğunluğun yaranmasına səbəb olub.

O ki qaldı Azərbaycanın Ermənistanla danışıqlardan imtina etməsinə, hesab etmirəm ki, rəsmi Bakı danışıqlardan imtina edəcək. Əksinə, Azərbaycan Ermənistanla danışıqları davam etdirəcək. Hətta heç bir səmərəsi olmasa belə, rəsmi Bakı danışıqlarda iştirak edəcək.

Amma paralel olaraq, Azərbaycan Ermənistanın silahlanmasını və revanşa hazırlanmasını diqqətlə izləyəcək. Əgər Ermənistan tərəfindən Azərbaycanın təhlükəsizliyinə hər hansı təhdid yaranarsa, ölkəmizin rəhbərliyi çox ciddi və zəruri adekat tədbirlər görəcək”.


MANŞET XƏBƏRLƏRİ