Bakıdakı ŞOK QİYMƏTLƏR: 1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev...


Bakıda evlərin və kirayə mənzillərin qiyməti ildən-ilə artır. Bəs görəsən, paytaxtın ən bahalı evləri hansı ərazilərdə yerləşir? Orada qiymətlər neçəyədir?

Turkustan.az Lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc paytaxtın ən bahalı mənzillərinin qiymətlərinin 1 milyon 500 min manata qədər dəyişdiyini bildirib:

Bakıdakı ŞOK QİYMƏTLƏR: 1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev...

"Bakıdakı bahalı ərazilər paytaxtın Səbail rayonu ərazisində, Zərifə Əliyeva küçəsi, Fəvvarələr meydanı və ətraf hissələr hesab olunur. Buradakı mənzillərin qiyməti təxminən 1 milyon manatdan 1 milyon 500 min manatadək dəyişir.

İçərişəhər və ona yaxın ərazilərdə mənzillərin qiyməti təxminən 1 milyon manat civarındadır. Badamdarda isə 600 min manatdan 1 milyon manatadək təkliflər mövcuddur.

"28 May" metro stansiyasının ətrafında mənzillərin qiyməti təxminən 550-750 min manat arasında dəyişir. "Xətai" metro stansiyasının ətrafında, Ağ Şəhər bulvarında və ümumilikdə Ağ Şəhər ərazisində qiymətlər 500-650 min manat arasındadır.

Yusif Səfərov küçəsində mənzillərin qiyməti 500-550 min manat arasında dəyişir. Nərimanov rayonunda, Məmməd Araz küçəsində qiymətlər təxminən 500 min manat civarındadır. Atatürk prospekti və Hüseyn Cavid prospekti kimi ərazilərdə isə mənzillər 450-550 min manat arasında təklif olunur.

2025-ci ildə apardığımız hesablamalara əsasən, Səbail rayonunda bir sot torpağın orta qiyməti 431 min 743 manat olub. Nərimanov rayonunda bu göstərici 302 min 671 manat, Nəsimi rayonunda 298 min 78 manat, Xətai rayonunda 237 min 322 manat, Yasamal rayonunda isə 206 min 620 manat təşkil edib.

Ötən illə bu il arasında orta qiymət fərqi təxminən 10-15 faizdir".

O deyib ki, torpağın bir sotunun yüksək qiymətə satıldığı bahalı ərazilərdə kirayə mənzillərin qiyməti də müvafiq olaraq yüksək olur:

"İçərişəhər, Fəvvarələr meydanı, Səbail rayonu və bulvar ətrafında kirayə qiymətləri təxminən 1500 manatdan 4 min manatadək dəyişir. Premium mənzillər də mövcuddur. Belə mənzillər əsasən xarici iş adamları və səfirlər üçün təklif olunur. Bu mənzillərdə aylıq kirayə qiyməti 5-7 min manatadək yüksələ bilər.

Xətai rayonunda və Ağ Şəhərdə kirayə qiymətləri təxminən 1500-3000 manat arasında dəyişir.

Ümumiyyətlə, torpağın bahalı olması mənzilin qiymətinə təsir göstərən yeganə amil deyil. Tikilinin xüsusiyyətləri də qiymətin formalaşmasında mühüm rol oynayır. Mənzilin premium binada yerləşməsi, standart yaşayış binasında olması və ya köhnə tikiliyə aid edilməsi qiymətlər arasında fərq yaradır".


MANŞET XƏBƏRLƏRİ