Almaniya kansleri Merz Nyu-Yorka səfərini ləğv etdi


Almaniya kansleri Fridrix Merts BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün gələn həftə Nyu-Yorka planlaşdırılan səfərini ləğv edib.

Turkustan.az xəbər verir ki, Mertsi BMT Baş Assambleyasında Almaniyanın xarici işlər naziri Yohann Vadeful əvəz edəcək.

Kanslerlik qərarla bağlı hələlik rəsmi açıqlama verməyib. Lakin hökumət daxilindəki mənbələr səfərin Mertsin Berlində qalmasının zəruri olduğu üçün ləğv edildiyini bildiriblər.

Qərar Almaniyada Mertsin siyasi gələcəyi və hökumətin qarşıdakı fəaliyyət istiqaməti ilə bağlı müzakirələrin intensivləşdiyi bir vaxta təsadüf edib. Bazar günü Meklenburq-Ön Pomeraniya və Berlində keçiriləcək seçkilərdən sonra CDU/CSU daxilində kanslerin liderliyi ilə bağlı müzakirələrin yenidən gündəmə gələcəyi gözlənilir.

Xüsusilə seçki nəticələrinin CDU üçün əlverişsiz olması halında Mertsin liderliyi və hökumətin siyasəti ilə bağlı daxili müzakirələrin güclənə biləcəyi bildirilir.

Mertsin BMT Baş Assambleyasında çıxış etməsi və Nyu-York səfəri çərçivəsində Berlindəki Amerika Akademiyasının “Henri Kissincer Mükafatı”nı alması planlaşdırılırdı. Lakin mükafatlandırma mərasiminin daha əvvəl proqramdan çıxarıldığı açıqlanmışdı.

Səfərin ləğvi ilə Mertsin BMT Baş Assambleyasında planlaşdırılan çıxışı da baş tutmayacaq. Almaniyanı iclasda Vadefulun təmsil edəcəyi gözlənilir. Vadeful ötən il də BMT Baş Assambleyasında Almaniya adından çıxış edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ