Azərbaycanda məzhəbçilik və dini radikalizm məsələsi son illərdə yenidən müzakirə mövzusuna çevrilib. Xarici dini təsirlər, ayrı-ayrı bölgələrdə fərqli məzhəblərin mövqeyi və radikallaşma ehtimalı əsas narahatlıq doğuran məqamlar sırasında göstərilir.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Modern.az-a bildirib ki, Azərbaycanda məzhəb ayrılığından daha çox “məzhəb xəstəliyi”nin mövcuddur.
Deputatın fikrincə, insanların dini inanclarını İslamın və Quranın ümumi prinsipləri əsasında yaşamasına üstünlük verilməlidir:
“Azərbaycanda məzhəb ayrılığı yoxdur, məzhəb xəstəliyi var. Cəmiyyəti İslamın və Quranın prinsiplərinə uyğun müsəlman olmağa yönəltməliyik. Təəssüf ki, kənar müdaxilələr buna mane olur, İslam və müsəlmançılıq anlayışından daha çox məzhəbçilik önə çıxır. Bu isə gələcəyimiz üçün böyük təhlükə yaradır”.

F.Mustafa bildirib ki, məzhəbçiliyin hansı bölgələrdə daha çox yayıldığını müəyyənləşdirmək üçün ciddi statistik və sosioloji araşdırmalar aparılmalıdır:
“Bu istiqamətdə obyektiv və əhatəli tədqiqat aparan qurumlar demək olar ki, görünmür. Əvvəllər Sosial Tədqiqatlar Mərkəzi müəyyən addımlar atırdı. İndi məsələ ciddi şəkildə təhlil edilməli, nəticələr isə ictimai müzakirəyə çıxarılmalıdır”.
Deputat məzhəb mənsubiyyətinin şəxsi inanc çərçivəsindən çıxaraq siyasi vasitəyə çevrilməsinin təhlükəli olduğunu vurğulayıb:
“Çalışmalıyıq ki, məzhəbçilik insanların şəxsi inanc və dini həyat çərçivəsindən kənara çıxmasın. Məzhəbçilik siyasi vasitəyə çevrildikdə ölkəmiz və xüsusilə dünyəvi dövlət prinsipləri üçün ciddi təhdidlər yaranır”.
F.Mustafa dini maarifləndirmənin gücləndirilməsini də vacib sayıb. Onun sözlərinə görə, insanların inanclarını sərbəst, lakin başqalarının hüquqlarına və cəmiyyətin təhlükəsizliyinə zərər vermədən yaşamaları üçün sağlam dini biliklər təşviq edilməlidir.
Jurnalist Vüsal Məmmədov bildirib ki, Azərbaycan cəmiyyəti xarakter etibarilə məzhəbçiliyə meyilli deyil. Onun fikrincə, xarici müdaxilələr və məzhəb fərqlərinin daxildə qızışdırılması olmadığı halda ölkədə bu zəmində ciddi gərginlik yaranmır:
“Azərbaycan xalqı xarakteri və təbiəti etibarilə məzhəbçi deyil. Xaricdən müdaxilə olmasa, daxildə məzhəbçilik qızışdırılmasa, Azərbaycan xalqı məzhəb gərginliyinə getmir. Bu, bizim xarakterimizə ziddir”.

V.Məmmədovun sözlərinə görə, müxtəlif dövrlərdə xarici təsirlər nəticəsində ölkənin bəzi ərazilərində ayrı-ayrı məzhəblərin təsiri daha qabarıq hiss olunub:
“2015-ci ilə qədər Bakının bəzi kəndlərində, xüsusilə Nardaranda İranın təsiri ilə şiə məzhəbçiliyi güclü idi. Hazırda cənub rayonlarında bu təsir əvvəlki səviyyədə olmasa da, İranın müdaxiləsi hiss olunur və şiə məzhəbçiliyi daha qabarıqdır”.
Jurnalist bildirib ki, Azərbaycanın şimal və şimal-qərb rayonlarında isə Şimali Qafqazdan qaynaqlanan dini təsirlərlə əlaqədar sünni məzhəbçiliyi müşahidə olunub. Onun fikrincə, həmin təsirin miqyası da əvvəlki illərlə müqayisədə azalıb.
V.Məmmədov Türkiyə mənşəli dini şəbəkələrin də bir vaxtlar Azərbaycanda sünni dini cərəyanlarının güclənməsində rol oynadığını iddia edib:
“Türkiyədə nurçuluq şəbəkəsinə qarşı tədbirlər görülənədək onun Azərbaycanda da təsiri güclü idi. Bu təsir hətta şiə məzhəbçiliyi ilə rəqabət aparacaq səviyyəyə çatmışdı. Şəbəkənin zəifləməsindən sonra həmin müdaxilə də azaldı”.
Onun qənaətinə görə, hazırda Azərbaycanda məzhəblərarası gərginlik yüksək səviyyədə deyil. Bununla yanaşı, dini radikallaşma ilə bağlı narahatedici meyillər müşahidə olunur:
“Əvvəlki qədər açıq müdaxilə görünməsə də, gizli təsirlərin çoxaldığını və dini radikalizmin artdığını hiss edirəm. Bu, hələlik məzhəblərarası gərginlik şəklində özünü göstərmir. Lakin ölkədə dini radikalizmin təhlükəli artım meyli hiss olunur və bundan narahat olmaq lazımdır”.