Paşinyan niyə Azərbaycandan vaxt istədi? - Açıqlama


“Ermənistanda keçirilən sorğuda əhalinin 80 faizi konstitusiyanı dəyişmək istəmədiyini bildirib. Paşinyan indi bunu etsə, uduzacaq. Müxalifət də qiyam edib deyəcək ki, xalq səni istəmir, hakimiyyəti ver, get. Paşinyan isə hakimiyyəti itirmək istəmir. Ona görə Paşinyan bunu 2026-cı ilə saxlayır”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanın baş naziri Nikol Paşinyanın konstitusiya dəyişikliyi üçün Azərbaycan tərəfindən vaxt istəməsi barədə xəbərləri şərh edərkən deyib.

Z.Əlizadə Ermənistanın konstitusiyada dəyişiklik edib-etməməsinin heç bir əhəmiyyət kəsb etmədiyini də deyib:

“Əgər Ermənistan konstitusiyada dəyişiklik etsə, Azərbaycana nə vaxtsa hücum etməyəcək? Rusiyanın konstitusiyasında Ukraynayla dostluq, əməkdaşlıq, təhlükəsizlik barədə maddə var idi, amma bütün bunlara baxmayaraq, Ukraynaya hücum etdi. Yəni hər şey imkandan asılıdır. Ermənistanın Azərbaycana hücum etmək imkanı yoxdur və bundan sonra da olmayacaq”.

Politoloqun sözlərinə görə, Azərbaycanla sülh müqaviləsinin imzalanması Ermənistana çox şey verəcək:

“Amerika və Ermənistan Türkiyədən xahiş edir ki, münasibətləri normallaşdır. Amma Türkiyə dirənib deyir ki, Azərbaycanla sülh müqaviləsi bağla, sonra biz danışarıq. Ermənistanın dörd qonşusu var. Gürcüstan zəif , İran sanksiyalar altında olan dövlətdir. Azərbaycan və Türkiyə ilə düşmən münasibətləri ola-ola Ermənistanın Rusiyadan qopması çox çətin olacaq. Buna görə ona Azərbaycan və Türkiyəylə münasibətləri normallaşdırmaq lazımdır ki, təhlükə həddi azalsın”.

Qeyd edək ki, erməni mediası Nikol Paşinyanın konstitusiyada dəyişiklik etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevdən vaxt istədiyini bildirib. Nikol Paşinyanın kostitusiyada dəyişikliyi 2026-cı ildə etmək niyyətində olduğu qeyd olunub.


MANŞET XƏBƏRLƏRİ