İranda əsl güc sahibi dəyişdi – Trampın işarə etdiyi məqam bu imiş...


ABŞ-İran qarşıdurmasının yeni mərhələyə keçməsi fonunda regionda baş verən siyasi proseslər diqqətlə izlənir. İranın ali rəhbəri Əli Xameneidən sonrakı dövrün ölkənin siyasi gələcəyinə necə təsir göstərəcəyi müzakirə olunur. Bu kontekstdə ABŞ Prezidenti Donald Trampın ötən həftələrdə “İranda rejim dəyişikliyi baş verdi” açıqlamasının hansı mesajları ehtiva etdiyi də maraq doğuran məsələlər sırasındadır.

Tramp bununla nəyə işarə verdi? İranda yeni mərhələ başlayır?

Turkustan.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Zaur İbrahimli deyib ki, İranda mərhum Ali rəhbərin vəfatından sonra ölkədə yeni siyasi mərhələnin başladığını söyləmək olar:

“Xüsusilə onun oğlu Müctəba Xameneinin ali rəhbər seçilməsindən sonra həm İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təsiri artdı, həm də hakimiyyət daxilindəki tarazlıq daha çox təhlükəsizlik və hərbi strukturların xeyrinə dəyişdi. İndiyədək strateji dövlət qərarlarının qəbulunda Ali rəhbər institutu əsas söz sahibi idi. ABŞ-la müharibənin başlanması və İranın ali hərbi-siyasi rəhbərliyini təmsil edən bir sıra şəxslərin həlak olmasından sonra isə SEPAH daha da ön plana çıxdı. Hazırda ölkənin əsas güc mərkəzləri arasında nüfuzuna görə bu mövqeyini qoruyur və daha da möhkəmləndirir. Prezident institutu əvvəllər də nisbətən zəif idi. Müharibə şəraitində isə onun rolu əsasən formal təmsilçilik funksiyası ilə məhdudlaşdı. Demək olar ki, SEPAH artıq ölkənin hərbi, müdafiə, təhlükəsizlik və xarici siyasət sahələrində həlledici təsirə malikdir. Əli Xameneinin dövründə müəyyən institusional tarazlıq mövcud idi. SEPAH bir çox məsələlərə birbaşa deyil, müxtəlif dövlət strukturlarında təmsil olunan funksionerlər vasitəsilə təsir göstərirdi. İndi isə həmin sahələrdə qərarların qəbulunda SEPAH-ın baxışları və yanaşmaları daha açıq şəkildə üstünlük təşkil edir”.

Siyasi şərhçi bildirib ki, Müctəba Xameneinin də əvvəllər təhlükəsizlik və siyasi proseslərdə müəyyən rolu olduğu deyilirdi:

“Lakin əvvəldən aydın idi ki, onun hakimiyyətə gəlməsində SEPAH-ın dəstəyi mühüm rol oynayıb. Bu səbəbdən də yeni ali rəhbərlə SEPAH arasında ciddi ideoloji və ya strateji fikir ayrılığının yaranacağı gözlənilmir. Əli Xameneinin şəxsi nüfuzu müxtəlif hakimiyyət institutları arasında balans yaratmağa imkan verirdi. Onun siyasi təcrübəsi və təsiri müdafiə, təhlükəsizlik, hərbi və mülki idarəetmə strukturları arasında müəyyən tarazlığı qoruyurdu. Bundan sonrakı dövrdə isə tamamilə fərqli mənzərənin formalaşacağı ehtimalı yüksəkdir və yaxın, eləcə də orta perspektivdə SEPAH-ın dominant mövqeyini qoruyacağı gözlənilir”.

Zaur İbrahimli qeyd edib ki, əgər Tramp işlətdiyi ifadədə hakimiyyət daxilində güc balansının SEPAH-ın xeyrinə dəyişdiyini nəzərdə tutursa, bu fikirdə müəyyən həqiqət payı var:

“Amma bunu İranın siyasi sisteminin dəyişməsi, yaxud hakimiyyətə Qərblə dialoqa və ya xarici siyasətdə ciddi dəyişikliklərə meylli yeni qüvvələrin gəlməsi kimi təqdim etmək düzgün deyil. Bu cür yanaşma daha çox siyasi ritorika və təbliğat xarakteri daşıyır. Əslində isə baş verən dəyişiklik hakimiyyət modelinin daxili transformasiyasıdır. Başqa sözlə, İranda siyasi sistem formal olaraq qalır, lakin real hakimiyyət mərkəzinin çəkisi daha çox SEPAH-ın xeyrinə dəyişmiş olur”.


MANŞET XƏBƏRLƏRİ