Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi və Qazaxıstanın “Almatı Şəhər Vətəndaş Alyansı” təşkilatının tərəfdaşlığı çərçivəsində icra olunan layihə çərçivəsində növbəti maarifləndirici tədbir təşkil edilmişdir.
Tədbir Qərbi Azərbaycan İcmasının Nizami Rayon nümayəndəliyi ilə əməkdaşlıqda gənclər və orta nəsil nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Tədbirdə 30-dan çox iştirakçı iştirak etmiş, təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin qurulması, şəhər mühitində sağlamlıq və təhlükəsizlik məsələləri, qadınların və uşaqların şəhərsalma proseslərində rolu, eləcə də həssas qrupların ehtiyaclarının nəzərə alınmasının əhəmiyyəti müzakirə olunmuşdur.
Ekspertlər iştirakçılarla birgə təhlükəsiz şəhər mühitinin formalaşdırılması, insan yönümlü şəhər planlaşdırılması, sosial inklüzivlik və dayanıqlı inkişaf prinsipləri barədə fikir mübadiləsi aparmış, praktiki nümunələr əsasında müzakirələr təşkil etmişlər. Tədbir zamanı iştirakçıların sualları cavablandırılmış, onların təklif və təşəbbüsləri dinlənilmişdir.
Qeyd olunmuşdur ki, layihə çərçivəsində bundan əvvəl də müxtəlif yaş qruplarını əhatə edən silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, gənclər və yeniyetmələr üçün xüsusi təlimlər təşkil olunmuş, həm onlayn (Zoom platforması vasitəsilə), həm də əyani formatda beynəlxalq müzakirələr keçirilmişdir. Tədbirlərdə Qazaxıstan və digər ölkələrdən olan tərəfdaş təşkilatların nümayəndələri, ekspertlər və şəhərsalma sahəsində çalışan mütəxəssislər iştirak etmişlər.
Layihə həmçinin Bakıda keçirilmiş Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində müzakirə olunan mövzuların yerli səviyyədə təşviqinə və beynəlxalq təcrübələrin paylaşılmasına xidmət edir. Tədbir iştirakçıları şəhər inkişafında vətəndaş iştirakçılığının əhəmiyyətini vurğulamış, təhlükəsiz və inklüziv şəhərlərin formalaşmasında bütün nəsillərin birgə əməkdaşlığının vacibliyini qeyd etmişlər.
Müzakirələr zamanı Azərbaycan Respublikasında 2026-cı ilin “Memarlıq və Şəhərsalma İli” elan edilməsinin əhəmiyyəti xüsusi vurğulanmış, şəhərsalma sahəsində orta nəslin topladığı təcrübənin gənc nəslə ötürülməsinin vacibliyi qeyd edilmişdir. Bildirilmişdir ki, müxtəlif nəsillər arasında təcrübə mübadiləsi gələcək şəhərlərin daha təhlükəsiz, əlçatan və dayanıqlı şəkildə inkişafına mühüm töhfə verə bilər.
Tədbirin sonunda iştirakçılar bu kimi maarifləndirici təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulamış, şəhərlərin gələcəyinin formalaşdırılmasında hər bir vətəndaşın, xüsusilə də gənclərin və qadınların fəal iştirakının əhəmiyyətini qeyd etmişlər.
Fotolar





















