İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Azərbaycana səfəri və prezident İlham Əliyevlə keçirdiyi görüş, regionda — xüsusilə Yaxın Şərqdə artan gərginlik fonunda diqqət çəkir.
Tərəflər arasında keçirilən yüksək səviyyəli təmasların siyasi, iqtisadi və təhlükəsizlik baxımından yeni mərhələyə işarə etdiyi bildirilir.
Müşahidəçilərə görə, belə bir görüşün məhz indiki həssas dövrdə baş tutması həm Bakı–Tehran münasibətlərinin normallaşması, həm də regional sabitlik və əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından önəm daşıyır. Görüşün gündəliyində ikitərəfli əlaqələrin inkişafı, sərhəd təhlükəsizliyi, nəqliyyat dəhlizləri və qarşılıqlı maraq doğuran regional məsələlərin yer aldığı qeyd olunur.
Turkustan.az mövzu ilə bağlı siyasi şərhçi Oqtay Qasımovun fikirlərini öyrəndi.

Oqtay Qasımov
Qeyd etmək lazımdır ki, İran parlamentinin sədri Məhəmmədbaqir Qalibafın Azərbaycana səfəri ilk növbədə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının tədbirində iştirak məqsədi daşıyır. Buna görə də bu səfər klassik mənada rəsmi dövlət səfəri kimi qiymətləndirilməməlidir. O, Bakıya beynəlxalq tədbirdə iştirak etmək üçün gəlib. Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan rəhbərliyi ilə görüşlərin keçirilməsi də gözlənilir. Həmin görüşlərdə ikitərəfli münasibətlər, eləcə də regional məsələlər müzakirə olunacaq.
Tərəflər arasında təmasların davamlı və intensiv xarakter alması müsbət haldır. Nəzərə alsaq ki, Azərbaycan və İran arasında zaman-zaman müəyyən anlaşılmazlıqlar yaşanıb və bunlar əsasən İran tərəfinin yanlış siyasəti ilə bağlı olub, son iki ildə münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar müsbət qiymətləndirilməlidir.
Məhəmmədbaqir Qalibaf İran siyasi sistemində mühüm fiqurlardan biridir. Bu baxımdan onun səfəri xüsusi əhəmiyyət kəsb edir. Görüşlər zamanı iki ölkə arasında əlaqələrin inkişafı, ticarət-iqtisadi əməkdaşlıq, enerji, logistika, nəqliyyat və regional nəqliyyat dəhlizləri kimi mühüm məsələlərin müzakirə ediləcəyi gözlənilir. Bunlar kifayət qədər ciddi və strateji mövzulardır.
Müzakirələrin nəticələri və əldə olunacaq razılaşmalar Azərbaycan-İran münasibətlərinin gələcək inkişafına müsbət təsir göstərə bilər. Ümumilikdə, bu səfəri iki ölkə arasında dialoqun və əməkdaşlığın inkişafına xidmət edən müsbət addım kimi dəyərləndirmək olar.
Aytən Yaşar/ Turkustan.az