Gürcüstan odla oynayır: həm özü, həm də qonşuları üçün kritik dönüş


Rəsmi Tbilisinin Qərbdən Şimala doğru yön alması Azərbaycana hansı təhlükələr yaradır?

ABŞ mübahisəli Xarici Təsirlərin Şəffaflığı Aktının qəbulu və ölkənin anti-Qərb dönüşü səbəbindən Gürcüstana yardımına yenidən baxa bilər. Bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərə açıqlamasında deyib.

Millerdən ölkədə baş verən son hadisələri və hakimiyyətdə olan partiyanın siyasətçilərinin açıq-aşkar qeyri-dost bəyanatlarını nəzərə alaraq, ABŞ-ın Gürcüstanla münasibətləri necə davam etdirməyi planlaşdırdığı soruşulub. Sözçü deyib ki, o, cavab verməkdən çəkinəcək, çünki hazırda Dövlət Departamentində Gürcüstanla münasibətlərin yenidən müzakirəsi böyük siyasət dəyişiklikləri demək ola bilər.

“Söhbət xüsusilə Gürcüstana göstərdiyimiz yardımın həcmindən gedir – son bir neçə ildə biz təxminən 390 milyon dollar büdcə ayırmışıq, indi buna baxılır. Söhbət potensial sanksiyalardan, viza məhdudiyyətlərindən gedir – biz bunu iki həftədən az əvvəl elan etmişdik. İndi biz nəyi, necə və nə vaxt edəcəyimizi araşdırırıq”, - deyə Miller bildirib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Gürcüstana münasibətdə viza məhdudiyyətinin tətbiq ediləcəyini bəyan etmişdi ki, bu da ölkədə demokratiyanın pozulmasına görə məsuliyyət daşıyacaq şəxslərə aid ediləcək.

Əgər Gürcüstanın ABŞ və ümumilikdə Qərblə münasibətlərində kəskin dönüş olarsa, bu, Azərbaycan və bütün Cənubi Qafqaz üçün nə deməkdir? Axı bundan sonra Gürcüstan hakimiyyəti Rusiya ilə yaxınlaşmağa doğru addım atsa, bu, Azərbaycandan Qərbə doğru mövcud və planlaşdırılan enerji və nəqliyyat layihələri üçün təhlükə yarada bilər. Ölkəmizin Avropa İttifaqı (Aİ) ilə əlaqələri də zərbə altında ola bilər.

AYNA mövzunu tanınmış gürcüstanlı ekspertlərlə müzakirə edib.

Diplomat və analitik Mamuka Qamkrelidze:

“Ölkənin xarici siyasətindəki hər hansı kəskin dəyişiklik onun qonşularına həmişə müəyyən təsir göstərir. Xüsusən də Cənubi Qafqaz kimi mühüm logistik marşrutların və deməli, əsas qlobal oyunçuların maraqlarının kəsişdiyi regionda.

Qərbdən Şərqə, xüsusən də Şimala dönüş Gürcüstan üçün faciəvi nəticələrə, o cümlədən suverenliyin itirilməsinə səbəb ola bilər. Ermənistan üçün də bu fakt həssas olacaq, çünki bu ölkənin özü də gözünü Qərbə dikib və regionda siyasi müttəfiqini itirməsi bu yolda əlavə çətinliklər yarada bilər.

Azərbaycana gəldikdə isə, hesab edirəm ki, bunun nəticələri ancaq dolayı olacaq. Avropa üçün zəruri olan karbohidrogen ehtiyatları, onun yeni İpək Yolu üzərindəki fundamental coğrafi mövqeyi, Türkiyə kimi təsiredici qlobal oyunçuya yaxınlığı və çox sabit siyasi quruluşu Azərbaycanı siyasi və ya iqtisadi sarsıntılara az həssas edir”.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze:

“Bir aydan artıqdır ki, mən özüm də bu haqda danışıram. Problem təkcə Gürcüstanda demokratiya və ya qeyri-demokratiya ilə bağlı deyil. Problem ondadır ki, Gürcüstanın xarici siyasət oriyentasiyası dəyişir. Gürcüstan ABŞ-ın siyasi çətiri altında olduğu halda, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Supsa, Cənubi Qafqaz qaz kəməri kimi regional layihələr təhlükə altında deyildi. Üstəlik, Bakı-Supsa və BTC Vaşinqtonun aktiv dəstəyi olmadan mümkünsüz olardı.

Moskva regional layihələri məhdudlaşdıracaqmı? Hal-hazırda bu, mümkün deyil, ancaq bir gün mütləq məhdudlaşdıracaqları bir şərtdir. Moskva Mərkəzi Asiya ölkələrinin Rusiyadan Cənubi Qafqaza enerji marşrutlarını dəyişməsinin qarşısını almaq üçün, Çindən Avropaya nəqliyyat dəhlizini əsas marşrut kimi itirməmək, Cənubi Qafqazda öz təsirini bərpa etmək üçün hər şeyi edəcək. Ona görə də Gürcüstan onlara lazımdır”.


MANŞET XƏBƏRLƏRİ