Bu gün müasir Azərbaycanın siyasi, elmi və mənəvi həyatında dərin iz qoymuş şəxsiyyətlərdən biri, Böyük Quruluş Partiyasının Başqanı, Millət vəkili, fəlsəfə üzrə doktoru Fazil Mustafa bəyin 60 illik yubileyidir.
Fazil bəyin ömür yolu – sadəcə bir siyasətçinin və ya ziyalının həyat hekayəsi deyil. Bu yol – bütöv bir xalqın azadlıq axtarışının, milli kimliyinin bərpasının və düşüncə müstəqilliyinin rəmzidir. O, Milli Azadlıq Hərəkatının önündə duran, müstəqil Azərbaycanın ideya və düşüncə əsaslarını formalaşdıran, təkcə çağırış edən yox, eyni zamanda özü bu çağırışlara cavab verən liderlərdən biridir.
Müstəqillik illərində Fazil bəy, təkcə parlamentdəki fəaliyyəti ilə deyil, bütöv cəmiyyət qarşısında intellektual mövqeyi, mənəvi dayanıqlığı və milli maraqlara sədaqəti ilə tanınıb. Onun qələmindən çıxmış 30 kitab, yüzlərlə məqalə və çıxış, Azərbaycan -ictimai-siyasi təfəkürünün inkişafında mühüm mərhələ təşkil edir. Ən çətin məqamlarda belə fikrindən və prinsiplərindən geri çəkilməməsi, haqqı müdafiə etməsi, onu yalnız partiyamızın yox, bütövlükdə ölkə ictimaiyyətinin etimad göstərdiyi simalardan birinə çevirib.
Fazil bəyin düşüncəsinə görə sui-qəsdə məruz qalması – təkcə bir insana qarşı cinayət deyildi. Bu, sözə, fikrə və azad düşüncəyə qarşı yönəlmiş bir hücum idi. Amma o bu sınaqdan da mənəvi və fiziki möhkəmliyi ilə çıxdı. Çünki Fazil bəyin gücü tutduğu vəzifədən yox, daşıdığı dəyərlərdən qaynaqlanır.
Bu gün 60 yaşa qədəm qoyan Fazil bəy – həm mübarizə dolu keçmişin, həm də ümid və məqsəd dolu gələcəyin daşıyıcısıdır. Onun rəhbərliyi altında Böyük Quruluş Partiyası hər zaman sağlam düşüncənin, milli dəyərlərin və demokratik prinsiplərin carçısı olub və olmağa davam edəcək.Və nəhayət…60 il – bir ömrün yox, bir missiyanın hesabatıdır.
Hörmətli Fazil bəy, Sizi bu əlamətdar yubiley münasibətilə Böyük Quruluş Partiyasının bütün üzvləri adından səmimi-qəlbdən təbrik edirik. Sizə doğmalarınızla birlikdə möhkəm cansağlığı, mənəvi rahatlıq, aydın yol və ilhamverici fəaliyyətinizdə uğurlar arzulayırıq.
Yolunuz işıqlı, sözünüz təsirli, ömrünüz uzun olsun!
Böyük Quruluş Partiyası