Xərçəngdən ölümlərə metastaz (xərçəng hüceyrələrinin orijinal şişin yerləşdiyi yerdən qan və ya limfa sistemi vasitəsilə bədənin başqa orqanlarına və toxumalarına yayılması prosesidir - red.) deyil, şişin iri qan damarlarına daxil olması səbəb ola bilər.
Bunu Texas Universitetinin Cənub-Qərb Tibb Mərkəzinin alimləri aşkar ediblər.
Turkustan.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.
Müəlliflər Dallas xəstəxanalarında xərçəngdən ölən 100-dən çox xəstənin məlumatlarını təhlil ediblər. Tədqiqat çərçivəsində tədqiqatçılar həmçinin hospisdə ( terminal mərhələdə olan xəstələrə palliativ qayğı göstərən, həyatının son mərhələsində olan insanların ağrı və əzablarını yüngülləşdirməyi, həyat keyfiyyətini artırmağı hədəfləyən xüsusi tibb və sosial qayğı müəssisəsidir-red.) olan 31 ağır xəstənin vəziyyətini izləyiblər.
Tədqiqatçılar aşkar ediblər ki, əksər subyektlərdə xərçəng şişləri aşağı vena, portal vena, qaraciyər damarları və qarın aortası kimi damarları tutub. Bundan əlavə, həyatın son həftələrində xəstələrin qanında dövran edən şiş hüceyrələrində kəskin artım aşkar edilib.
Adi yarılmalardan fərqli olaraq, elm adamlarının istifadə etdiyi dəyişdirilmiş texnika onlara damarlaırn bütövlüyünü qoruyub saxlamağa və təsirlənmiş sahələri müəyyən etməyə imkan verib. Nəticələr təsdiq edib ki, şişlər qan axını pozan və həyati orqan çatışmazlığına səbəb olan qan laxtalarının meydana gəlməsinə səbəb ola bilər.
Tədqiqatçılar Almaniyada 1200-dən çox xərçəng xəstəsinin CT (kompüterli tomoqrafiya) nəticələrini araşdıraraq əlavə təsdiq əldə ediblər. Xəstələrin əhəmiyyətli hisəsində damar infiltrasiyasının əlamətləri olub. Bu kəşf xərçəngdə ölüm mexanizmləri haqqında indiyəqədərki anlayışı dəyişir. Bu isə müalicəyə klinik yanaşmanın da dəyişməsi deməkdir.
Müəlliflərin fikrincə, xərçəng müalicəsi zamanı əsas damarların yaxınlığında yerləşən şişlərə xüsusi diqqət yetirilməlidir. Bu şişləri hədəf alan cərrahi və ya radiasiya terapiyası potensial olaraq ağırlaşma və ölüm riskini azalda bilər. /Cebheinfo.az/