Ramiz Mehdiyevin qızından ölkədən çıxışa qadağa ilə bağlı açıqlama


Xəbər verdiyimiz kimi, Prezident Aministrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin və bütün ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Məlumata görə, onun həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Timur Mehdiyev və qızı Kamilə Əliyeva ölkədən kənara çıxa bilmirlər. Bundan başqa, sabiq administrasiya rəhbərinin kürəkəni, keçmiş deputat İlham Əliyev barəsində də oxşar qərar verilib.

“Yeni Sabah” məlumatı dəqiqləşdirmək üçün R.Mehdiyevin qızı, Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva ilə əlaqə saxlayıb.

O, zəngə cavab versə də sualları cavablandırmaqdan imtina edib.

“Mən bu barədə heç nə danışmaq istəmirəm”, - R.Mehdiyevin qızı bildirib.

Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.


MANŞET XƏBƏRLƏRİ