Fransa Xarici İşlər Nazirliyi Ukraynaya qoşun göndərməyəcəyini bəyan edib. 3 gün əvvəl Fransa Prezidenti Emmanuel Makron ölkəsinin və digər Avropa dövlətlərinin Ukraynaya qoşun hissələrini göndərə biləcəklərini demişdi.
Maraqlıdır, bu açıqlamalar Paris-Kiyev münasibətlərini sarsıdacaq?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Makronun məlum fikri blef idi:
“Fransa prezidenti Rusiyanı qorxutmaq istəyirdi, ancaq əksi oldu. Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini nüvə müharibəsi ilə hədələdi, üstəgəl Makronun xaricindəki əksər Avropa lideri Ukraynaya hərbçlərini göndərməyəcəklərini bildirdilər.
Makronun açıqlamasının Ukraynaya da faydası olmadı, əksinə, Avropada müharibə mövzusunda fikir ixtilafı dərinləşdi. Ukraynaya gərəkli sayda hərbi texnika verməyən ölkələr öz hərbçilərini Rusiya ilə savaşa göndərməyəcəklər”.