Bakıda Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə konfransı keçirilir. İki gün ərzində baş tutacaq toplantıda qonaq ölkələrin iştirakı ilə interaktiv panel müzakirələri təşkil olunacaq.
Tədbirə Ombudsman Səbinə Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova, gənclər və idman nazirinin müavini Mariana Toteva Vasileva və deputatlar qatılıblar.
Tədbirdə qadınların cəmiyyətdə və dövlət siyasətində rolu barədə müzakirələr aparılıb.
Turkustan.az xatırladır ki, Azərbaycan nazirlər arasında qadın yoxdur, Komitə Sədrlərindən isə sadəcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri qadındır.
Mövzunun aktuallığını nəzərə alaraq, Azərbaycan nazirlərinin qadın müavinlərini araşdırmışıq. Məlum olub ki, ölkəmizdə 5 qadın nazir müavini var.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva 1968-ci il təvəllüdlü nazir müavini Dövlət Pedaqoji İnstitutunu bitirib. 2020-2023-cü il tarixlərində Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsində işləyib. 04.03.2023-cü il tarixindən ekologiya və təbii sərvətlər nazirinin müavinidir.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva 1960-cı ildə anadan olub. 1977-ci ildə məktəbi qızıl medalla bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini, 1988-ci ildə isə Moskva Ali Komsomol Məktəbində ali idarəetmə kursunu bitirib. O, 2021-ci ildə gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva 49 yaşındadır. Müqəddəs Kiril və Mefodiy adına Veliko Tarnovo Universitetini bədən tərbiyəsi və idman ixtisası üzrə bitirib. O da 2021-ci ildə nazir müavini təyin olunub.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova 1975-ci ildə anadan olub. 1992-1993 Ankara Universiteti Türkcə Öyrətim Mərkəzində türk dili və hüquq türkçəsi təhsili alıb. 1993-1997 Dövlətlərarası saziş əsasında Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərinin Hüquq Fakultəsində bakalavr təhsili alıb. 2018-ci ildən nazir müavinidir.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova 1974-cü il təvəllüdlüdür, hüquq üzrə fəlsəfə doktorudur. Səadət Yusifova Azərbaycan Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2014–2019-cu illlərdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. (modern.az)