Hazırda Ermənistan–Türkiyə sərhədinin açılması üçün konkret tarix müəyyən edilməyib və prosesin gələcək mərhələləri iki ölkə arasında normallaşma danışıqlarının gedişindən asılı olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə hökumətindəki mənbəyə istinadən “Ria Novosti” məlumat yayıb.
Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Öncü Keçeli bildirib ki, Ankara və İrəvan may ayının ortalarında ölkələr arasında birbaşa ticarətin başlanması üçün hazırlıq işlərini başa çatdırıb.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin Ermənistanla ticarət zamanı malların üçüncü ölkələr üzərindən rəsmiləşdirilməsinə ehtiyac olmadan birbaşa ixrac həyata keçirə biləcəyini qeyd etmişdi.
Mənbənin sözlərinə görə, hazırkı mərhələdə sərhədin açılma tarixi müəyyən edilməyib və prosesin gedişi ikitərəfli dialoqun inkişafından asılı olacaq.
Ankara tərəfi danışıqların davam etdirilməsində maraqlı olduğunu bildirir və bu prosesin Cənubi Qafqazda sabitliyin güclənməsinə, eləcə də qonşuluq münasibətlərinin inkişafına töhfə verəcəyini gözləyir.
Türkiyə ilə sərhədlərin açılması Azərbaycanla yekun sülhün imzalanmasını sürətləndirə, Zəngəzur dəhlizi və digər layihələrin icrasını tezləşdirə bilər.
Qeyd edək ki, Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər mövcud deyil, sərhəd isə 1993-cü ildən bağlıdır. 2022-ci ildən etibarən xüsusi nümayəndələr arasında danışıqlar aparılır, lakin əvvəlki razılaşmalar hələ tam icra olunmayıb.