Keçmişdən Azərbaycana gələn sirli detal – Nə baş verir?


Yeni ildə Şaxta baba uşaqlara hədiyyə paylayır. Amma Azərbaycan ənənələrində fərqli obrazlar da var. Məsələn, Novruz bayramında Keçəl və Kosa olur ki, onlar qapı-qapı gəzib hədiyyə “toplayır”. Bu isə müzakirələrə yol açır.

Maraqlıdır, niyə biri hədiyyə verir, digəri isə alır? Bu adətlərin kökündə hansı tarixi və mədəni məna dayanır?

Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev deyib ki, qədim türklərdə bayramın çox elementləri olub, xüsusilə Keçəl və Kosa obrazı.

Onun sözlərinə görə, bu gün bizə “pay” almağa gələn, yaxud bəzilərinin iddia etdikləri ” qış və yazın” sözcüsü adlanan Keçəl və Kosa obrazı bizə sonradan əlavə edilən elementlərdir:

“Əslində Kosa obrazı qədim türklərdə Yeni Günün gəlişini müjdələyən, insanların evinə ruzi, bərəkət və sağlamlıq gətirilməsini təmin edən Şamanların prototipidir. Şamanın üz quruluşuna, saqqalına və onun hərəkətlərinə fikir verin. Eyni ilə Kosanın etdiyi kimidir. Sadəcə indi Kosa yerində dövrə vurmur, amma Şamanlar yerlərində 7 dəfə dövrə vurub ritual icra edirdilər. Qədim Şumerlərin “Bilqamış” dastanında da Yeni Günün əsas obrazı kimi Şamanlar olduğu qeyd edilir. Bundan başqa, qədim Urmiya hövzəsi ətrafı, Lulubbilər, Kutilərdə də şamanlar 21 martın, ilin təhvil olmasında Şamanların əsas obraz olduğunu qaynaqlar yazır.

Qədim türklər qəbilə və soyda xüsusi biliyi, fərasət və hərəkətləri ilə seçilənlərə şaman deyiblər”.

Alimin sözlərinə görə, Şamanlar dəf çalır, nəğmə oxuyur, rəqslər edir və Yazın gəlişini xüsusi ayinlə icra edirdilər:

“Şamanların geyim şəkli də ritualları qədər çox fərqlidir, xüsusi baş örtükləri, kəmərlər, rəngli parçalardan hazırlanmış əbadan istifadə edirlər. Bu gün Kosanın geyimində olan rəngli çalarlar məhz Şamanların geyimində olan elementlərin bir hissəsidir. Kosa-Şaman odu qorumaq üçün, pis ruhları qovmaq üçün mütləq qara qüvvəni ordan uzaqlaşdırmaq ayini icra etməli idi. Bu qara qüvvələr isə Keçəl obrazında formalaşmış idi. Keçəl hiyləgər, pis ruhların daşıyıcısı kimi odu söndürməyə gəlirdi, Kosa isə Günəşin, odun qoruyucusu kimi onunla mübarizə aparırdı. Ona görə də Kosa-Keçəl mübarizəsində Şaman qalib çıxıb, “Keçəli” öldürüb tonqal qalamaqla Yeni Günün başlandığını elan edirdi”.

zaur eliyev

Zaur Əliyev

Z.Əliyev əlavə edib ki, bu günün özündə də Cənubi Azərbaycanda Kosa xeyir, Keçəl isə şər qüvvə olduğu kimi bu bayramı qeyd edirlər:

“Kosa obrazı o qədər müqəddəs sayılırdı ki, qədim türklərdən düz orta əsrlərə qədər belə inanc var idi ki, övladı olmayan şəxş Kosa rolunda çıxış edirdisə, inanılırdı ki, onun övladı olacaq. Buna görə də Kosa obrazını və Keçəli ilk öncə farslar, sonralar isə ruslar “dilənçi” formatına salıb qədim türk şamanizmini insanların folklorundan və adət ənənələrindən tamam çıxarda bildilər. Yeni gün bayramı, sonradan Novruz adı ilə bütün türk dünyasına yayılandan sonra qədim şamanizm elementləri yoxa çıxdı, yerində isə pay uman Kosa və onun köməkçisi Keçəl meydana gəldi”.

Tarixçinin sözlərinə görə, Novruz bayramı otuzdan çox xalq tərəfindən qeyd edilsə də, onun ənənələri ən güclü və düzgün şəkildə məhz Azərbaycanda yaşamaqdadır:

“Buna nümunə kimi bizim Novruz mərasimlərinin başlıca atributlarından olan “Kosa-kosa” tamaşasını göstərmək olar. Bu tamaşa yalnız Azərbaycan Novruzuna mənsubdur. Əslində isə “Kosa” və “Keçəl” obrazları haqqında özəl olaraq nələrsə araşdırmağa ehtiyac yoxdur. Keçirilən mərasimlərdən hər kəs bilir ki, qış gedir, yaz gəlir. Onların arasındakı münaqişə əslində fəsillərin dəyişməsidir. Keçəl (Bahar) Kosanı (Qış) məğlub edərək onun getməsinə və yeni ilin gəlməsinə zəmin yaradır. Sadə dildə desək, Kosa və Keçəlin fəlsəfəsi “Köhnə gedir, təzə gəlir” prinsipidir. Onlar sadəcə iki komik personaj deyil, əslində təbiətin böyük bir qanununu bizə oyunla izah edirlər”.

Zaira Akifqızı
Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ