ABŞ Dövlət Katibinin keçmiş köməkçi müavini Metyu Brayza İraqın işğalından 23 il sonra yeni açıqlama verib.
Turkustan.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
O bildirib ki, 2003-cü ildən əvvəl Türkiyə ABŞ-ı regionda müharibəyə başlamamaq barədə xəbərdar edib:
“Ankara həm ABŞ qoşunlarının ölkə ərazisindən keçməsinə icazə verməyib, həm də müharibənin qarşısını diplomatik yolla almağa çalışıb”.
Brayza deyib ki, həmin dövrdə ABŞ-ın planı Türkiyə üzərindən İraqa hücum etmək idi.
O, bu layihəyə rəhbərlik etdiyini və Türkiyənin plana razı olmadığını, əksinə, ABŞ-ı müharibədən çəkindirməyə çalışdığını gördüyünü bildirib.
Keçmiş diplomat əlavə edib ki, Türkiyənin o zamankı mövqeyi bu gün də aktualdır.
Brayzanın sözlərinə görə, Ankara bölgədə yeni müharibələrə qoşulmaq istəmir və xüsusilə İran ətrafında gərginliyin yayılmasından narahatdır:
“Türkiyə hazırda da “müharibə istəmirik” mövqeyini qoruyaraq gərginliyi azaltmağa çalışır”. /Globalinfo.az/