ABŞ və İsrail ilə qarşıdurma fonunda Rusiya ilə İran arasında hərbi əməkdaşlığın daha da dərinləşdiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, “The Wall Street Journal” nəşrinin yazdığına görə, Moskva Tehranın mövqeyini gücləndirmək və münaqişənin uzanmasına töhfə vermək istiqamətində aktiv addımlar atır.
Mənbələrin bildirdiyinə əsasən, Rusiya İrana peyk görüntüləri təqdim edir, həmçinin “Şahed” tipli pilotsuz uçuş aparatlarının komponentlərini təmin edir. Bu komponentlər dronların rabitə, naviqasiya və hədəfləmə imkanlarını təkmilləşdirərək onların effektivliyini artırır.
Bundan əlavə, Moskvanın Ukraynada pilotsuz aparatların tətbiqi ilə bağlı topladığı təcrübəni də Tehranla bölüşdüyü qeyd olunur. İddialara görə, Rusiya tərəfi İran hərbçilərinə əməliyyatlar zamanı neçə drondan istifadə edilməli olduğu, eləcə də hansı yüksəklikdən zərbələrin daha effektiv olacağı barədə tövsiyələr verir.
Mənbələr bildirir ki, bu dəstək İranın son dövrlərdə ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi hücumlarda, o cümlədən bahalı THAAD hava hücumundan müdafiə sistemlərinə qarşı zərbələrdə özünü göstərib.
Qeyd edək ki, tərəflər arasında əməkdaşlığın müharibənin ilk günlərindən etibarən intensivləşdiyi vurğulanır. /konkret.az/