Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana yükdaşımaların həyata keçirilməsi üçün yolların açılmasını təklif edib.
Paşinyan Milli Məclisdə çıxışı zamanı Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini qaldırmasını “tarixi hadisə” adlandırıb. O, Ermənistanın bu bəyanatlara cavab verməli olduğunu və müvafiq addımlar atmasının vacibliyini bildirib.
“Hazırkı cavabımız belədir. Bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə, xüsusilə də Marqara-Yeğeqnadzor (Keşişkənd) - Sisyan (Qarakilsə) - Gorus marşrutu ilə tranzitini təmin etməyə hazırıq.
Bunu vurğulayıram, çünki bu gün tətbiq edə biləcəyimiz yeganə seçim budur”, - deyə Paşinyan bildirib.Baş nazir vurğulayıb ki, Azərbaycan Ermənistan üçün tranzit məhdudiyyətlərini qaldırdığı kimi, Ermənistan da tranzit məhdudiyyətlərini qaldıracaq.
Qeyd edək ki, regional kommunikasiyaların açılmasını ilk dəfə 2020-ci ildə 44 günlük müharibədən sonra ilk dəfə Azərbaycan tərəfi təklif edib.
Bundan sonra 2021-ci ilin mart ayında Azərbaycan Ermənistana təqdim etdiyi 5 bənddən ibarət sülh paketində öz əksini tapıb. Azərbaycan bu kontekstdə ilk növbədə, Zəngəzur dəhlizinin açılmasını təklif edib. Bu barədə ilk razılaşma 2020-ci il 10 noyabr Bəyanatında yer alıb. Həmin sənəddə Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və təhlükəsiz hərəkətin təmin olunması nəzərdə tutulur. Azərbaycanla Ermənistan arasında aparılan bütün danışıqlarda da rəsmi Bakı məhz bu məsələni qaldırıb.
Lakin Ermənistanın qeyd edilən öhdəlikdən yayınması son beş ildə Zəngəzur dəhlizinin açılmasına mane olub. Nəhayət, 2025-ci il avqustun 8-də ABŞ və Ermənistan arasında imzalanmış sənədə əsasən rəsmi İrəvan Zəngəzur dəhlizninin “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” adı altında açılmasına razılıq verib.
Lakin “Tramp marşrutu”nda yerləşən avtomobil və dəmir yollarının bərpası prosesinin 3 ilə qədər davam edəcəyi gözlənilir. Buna baxmayaraq, rəsmi Bakı Azərbaycandan-Azərbaycana maneəsiz və təhlükəsiz keçidi daha vacib hesab edir. Nikol Paşinyanın Azərbaycana müsbət jest olaraq yüklərin tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırmaq təklifi isə Azərbaycandan-Azərbaycana keçidi nəzərdə tutmur.
Ermənistanın Baş nazirinin irəli sürdüyü variant regional kommunikasiyaların açılması və sülh prosesinin irəliləməsi istiqamətində mühüm addım sayıla bilər. Ancaq bu, Azərbaycan üçün həyati əhəmiyyət daşımır. Yəni Azərbaycan Türkiyə ilə yükdaşımaları Gürcüstan və İran vasitəsilə də həyata keçirmək imkanına malikdir. Marqara-Yeğeqnadzor (Keşişkənd) - Sisyan (Qarakilsə) - Gorus marşrutu ilə daşımaların həyata keçirlməsi gələcəkdə Türkiyə ilə sərhədlərin açılması istiqamətində mühüm addım ola bilər ki, bu da Ermənistan üçün daha vacibdir.
Qeyd edək ki, adıçəkilən yolun ümumi uzunluğu 177,78 kilometr təşkil edir. Həmin marşrut üzrə hərəkətin təmin edilməsi Nikol Paşinyan hökumətinin əvvəllər irəli sürdüyü “Sülh kəsişməsi” layihəsində də öz əksini tapıb. Yəni Paşinyanın etdiyi jest Azərbaycandan-Azərbaycana maneəsiz və təhlükəsiz keçidi deyil, “Sülh kəsişməsi”nin reallaşmasını ehtiva edir. Digər tərəfdən, Ermənistan Azərbaycan amilindən istifadə edərək Türkiyə ilə sərhədlərin açılmasına çalışır. Lakin Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmayana qədər Türkiyənin sərhədləri açacağı inandırıcı görünmür.
İki ölkə arasında münasibətlərin normallaşmasına maneə yaradan başqa maneə Ermənistanın Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddialarının yer almasıdır. Ona görə də Ermənistan Türkiyənin tələblərinə əməl edərək dövlət gerbindən Ağrı dağının təsvirini çıxartmalı (21-ci maddə) və konstitusiyanın preambula hissəsindən Müstəqillik Bəyannaməsinə istinad hissəsini ləğv etməlidir.
Çünki Müstəqillik Bəyannaməsində Türkiyənin 6 vilayəti “Qərbi Ermənistan” adlanır. Eləcə də, həmin sənəddə qondarma erməni soqırımının dünyada tanınması qarşıya siyasi vəzifə kimi qoyulur. Ermənistanın bunlardan imtina etməsi sərhədlərin açılması istiqamətində dönüş yarada bilər. Qeyd edək ki, Nikol Paşinyan hökumətinin nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə bağlı Azərbaycana edəcəyi mühüm jestlərdən biri Qazax rayonunun işğal altında olan 3 kəndini geri qaytarması ola bilər. Bu isə Azərbaycanla Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsinin bərpasına şərait yaradacaq. Xüsusilə də Barxudarlı və Sofulu kəndlərinin işğalına son qoyulması bu yaşayış məntəqələrindən keçən Bakı-İcevan (Karvansaray) dəmir yolunun açılmasına səbəb ola bilər. /cebheinfo.az/